...

ATU-da imtahanları izləmək üçün mediatur təşkil olunub (FOTO)

Cəmiyyət Materials 21 İyun 2016 17:27 (UTC +04:00)
Azərbaycan Texniki Universitetində (ATU) 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə imtahanların gedişini KİV nümayəndələri və tələbələrin valideynləri izləyiblər.
ATU-da imtahanları izləmək üçün mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Texniki Universitetində (ATU) 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə imtahanların gedişini KİV nümayəndələri və tələbələrin valideynləri izləyiblər.

ATU-nun rektoru professor Akif Süleymanov turun iştirakçılarına imtahanlara hazırlıq və şəffaflığın qorunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ tələblərə uyğun keçirilməsinə kömək etmək üçün xüsusi mərkəz yaradılıb. Əsas məqsəd isə şəffaflıq və obyektivliyin dayanıqlılığını təmin etməkdir.

ATU-da imtahanlara hazırlıq prosesi çərçivəsində universitetin məsul şəxsləri tərəfindən sessiyanın mövcud normativ sənədlərə uyğun təşkil olunması, beynəlxalq təcrübəni nəzərə almaqla otaqların imtahan başlanana qədər müvafiq materiallar ilə təchiz edilməsi təmin olunub. Biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək üçün imtahanlar test üsulu ilə kompyuterdə keçirilir. Tələbə imtahana daxil ola bilmək üçün müvafiq semestr balını toplamalıdır. İmtahan sisteminə tələbə biletinin nömrəsi və ona əvvəlcədən verilmiş şifrə ilə daxil olan tələbə aldığı nəticəni imtahan sona çatan kimi öyrənir. Bir saatlıq imtahan müdəti bitən kimi nəticə dərhal serverə yüklənir və yaddaşda saxlanılır. Hər bir tələbə hər fənn üzrə yalnız bir dəfə imtahan verə bilər. İmtahanın nəticəsindən narazı qalan tələbələr universitetin Apellyasiya komissiyasına müraciət edir və onun nəticəsinə fənn müəllimi və komissiyanın nümayəndəsinin iştirak ilə yenidən baxılır. İmtahan prosesinə nəzarət İmtahan komissiyası və əvvəlcədən ayrılmış nəzarətçilər tərəfindən aparılır. İyunun 2-dən iyulun 2-dək davam edən imtahanlarda əyani və qiyabi şöbə üzrə ümumilikdə 2500-dək tələbənin iştirakı nəzərdə tutulur. Gün ərzində imtahan verən tələbələrin sayı isə 300-400 nəfər arasındadır.

Mediaturdan sonra akt zalında valideynlərin universitet rəhbərliyi ilə görüşü olub. Burada bir daha universitetdə tədrisin, kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışılıb. Tələbələrin biliyin qiymətləndirilməsinin təşkilindəki şəffaflığa görə universitet rəhbərliyinə minnətdarlıq edən valideynlər bildirib ki, təhsildə bu cür obyektiv mühitin yaradılması gənclərin daha yaxşı oxuması və peşəkar mütəxəssis kimi formalaşmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti