...

Bölgələrdəki tibb müəssisələrinə media tur təşkil edilib

Cəmiyyət Materials 4 İyul 2016 16:56 (UTC +04:00)
Səhiyyə Nazirliyi regionların inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində yaradılmış şəraitlə tanış olmaq üçün media tur təşkil edib.
Bölgələrdəki tibb müəssisələrinə media tur təşkil edilib

Bakı. Trend:

Səhiyyə Nazirliyi regionların inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində yaradılmış şəraitlə tanış olmaq üçün media tur təşkil edib.

Trend-in məlumatına görə, ölkənin tanınmış KİV nümayəndələri Balakən, Oğuz, Şəki Mərkəzi Rayon Xəstəxanalarında olublar.

Oğuz Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıq zamanı baş həkiminin müavini İradə Məmmədova məlumat verib ki, tibb ocağı 2009-cu ildə istifadəyə verilib: “Burada 2 min insana xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Xəstəxanada rentgen, filioqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər var. Eyni zamanda, dərman təminatı da yüksək səviyyədə təşkil edilib. Bundan başqa, nikaha girən cütlüklər də burada müayinə olunur”.

Onun sözlərinə görə, xəstəxanaya gün ərzində təxminən 100-120 xəstə müraciət edir: "Onların içərisində şəkərli diabet xəstələri çoxluq təşkil edir. Turizm zonası olduğundan əcnəbilər də xəstəxanamıza müraciət edirlər. Oğuzda infeksion xəstəliklərə demək olar çox az hallarda rast gəlinir. Çünki burada əhalinin sıxlığı azdır. Hazırda rayon üzrə 72 həkim var. Onlardan 35-i xəstəxanamızda çalışır".

Media nümayəndələri daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasında olublar.

Xəstəxana barədə jurnalistlərə məlumat verən tibb müəssisəsinin baş həkimi Hacıömər Nuriyev vurğulayıb ki, xəstəxana 2011-ci ildə istifadəyə verilib: “Xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Şöbələrin hamısında kadrların yerləşməsi bütün ixtisaslar üzrə tam təmin edilib. Poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetləri var. Respublikanın şimal-qərb bölgəsi stomatoloji xəstəliklərə görə endemik zonadır. Ona görə də bölgədə yaşayan insanların bu xidmətə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılıb”.

Baş həkim xəstəxanada 148 həkim, 504 orta tibb işçisinin çalışdığını əlavə edərək bildirib: "Balakən ucqar zona və rütubətli olduğundan əsasən ağciyər, bronxit, eləcə də onurğa və revmatizm xəstəliklərinə meyllilik çoxdur. Ona görə də müraciətlərin çoxluğu bu xəstəliklər üzrədir”

Press-turun son ünvanı Şəki Rayon Mərkəzi Xəstəxanası olub. Tibb müəssisəsinin baş həkimi Məcid Əliyev jurnalistlərə deyib ki, 100 çarpayılıq xəstəxana 2011-ci ilin noyabrında istifadəyə verilib: “Əsas bina 6 korpusdan ibarətdir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika, hemodializ şöbələri fəaliyyət göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Bundan başqa, burada hemodializ korpusları var. Hemodializ şöbəsində 40-a yaxın xəstəyə yardım edilir. Əvvəllər xəstələr və onların yaxınları hemodializ əməliyyatı üçün ya Bakıya, yaxud da yaxın rayonlardakı diaqnostika mərkəzlərinə getməli olurdular. Artıq xəstələr üçün burada bütün şərait var. Xəstəxanada həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulub”.

Onun sözlərinə görə, xəstəxana xarici ölkələrdə hazırlıq kursları keçmiş tibb işçiləri ilə təmin edilib: “Xəstəxanada 450-yə yaxın həkim çalışır. Bütün ixtisaslar üzrə cəmi 1-2 vakant yer var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti