...

Rəsədxana məlumatına düzəliş etdi: Ay bu gün görünəcək (YENİLƏNİB)

Cəmiyyət Materials 5 İyul 2016 14:52 (UTC +04:00)
"Bizim üfüqdə yeni Ay sabah saat 20:50-də görünəcək. 20:50-dən sonra bayram etmək olar".
Rəsədxana məlumatına düzəliş etdi: Ay bu gün görünəcək (YENİLƏNİB)

Qafqaz Müsəlmanları İdarəsinin məlumatı əlavə olunub

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bizim üfüqdə yeni Ay bu gün saat 20:50-də görünəcək. 20:50-dən sonra bayram etmək olar".

Bunu Trend-ə N.Tusi adına Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.

Ramazan bayramının tarixinin Ayın görünməsi ilə müəyyən edildiyini deyən N.Cəlilovun sözlərinə görə, sabah bulud olmasa, Ayı gözlə görmək mümkün olacaq: "Ayın görünmə vaxtı tədricən dəyişir. Ay və Yer də tədricən hərəkət edir. Buna görə də Yer kürəsinin müxtəlif yerlərində Ay müxtəlif vaxtlarda görünür".

O deyib ki, hətta Azərbaycanın özündə - Quba ilə Naxçıvanda Ay müxtəlif vaxtlarda görünür: “Bu fərq dəqiqə ilədir, yəni azdır. Amma Azərbaycan kiçik ölkə olduğundan bu vaxtı ümumiləşdiririk və Ayın görünmə vaxtı kimi ortaq bir zaman müəyyən edirik”.

N.Cəlilov islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi ilə bağlı təklif reallaşacağı təqdirdə Ayın görünmə vaxtının müəyyənləşdirilməsi zamanı hansı ölkənin astronomik məlumatına istinad ediləcəyinə də münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələ dini idarənin qərarı ilə həll edilir: “Əlbəttə ki, bu zaman astronomik vaxt - Ayın görünmə və çıxma vaxtı nəzərə alınır. Amma ayrıseçkiliyə son qoyulsun deyə, dini idarə tərəfindən bir qərara gəlinir. Burada böyük problem yaranmır. Bu məsələdə ortaq məxrəcə gəlmək olar. Bu, insanlar üçün də məqbuldur”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə Trend-ə bildirib ki, rəsədxanın verdiyi rəqəmlər əsasında tərtib olunmuş təqvimə əsasən, sabah bayram namazı qılınacaq: “QMİ təqvimin heç birini özbaşına yazmır. Bu təqvimlər rəsədxana ilə bərabər hazırlanıb. Tarixlər elmi cəhətdən əsaslandırılaraq müəyyənləşdirilir. Biz deyilən rəqəmə uyğun bayram gününü elan etmişik və buna uyğun da dövlətimiz qeyri-iş günləri elan edib”.

Xatırladaq ki, islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi və vahid təqvim tətbiq edilməsi ilə bağlı razılığa gəlinib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlının bildirdiyinə görə, Türkiyədə bu yaxınlarda keçirilən böyük bir toplantıda islam ölkələrində dini bayramlar və dini mərasimlərin eyni gündə keçirilməsi və vahid təqvimin tətbiq edilməsi barədə razılığa gəlinib: “Əsasən aparıcı islam ölkələrinin bununla bağlı atacağı addımlar olduqca önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun və təşkilat çərçivəsində hansısa bir qətnamə qəbul edilsin".

Ramazan bayramı ilə əlaqədar bu il iyulun 6 və 7-si ölkədə qeyri-iş günləri elan edilib.

Qafqaz Müsəlmanları İdarəsi bu il bayram namazının İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacağını açıqlayıb.

Qeyd edək ki, N.Tusi adına Şamaxı Rəsədxanasının direktoru N.Cəlilov Ayın sabah görünəcəyi ilə bağlı daha öncə verdiyi məlumatı dəqiqləşdirərək bildirib ki, Ay sabah deyil, bu gün axşam görünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti