...

III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxda (FOTO)

Cəmiyyət Materials 22 İyul 2016 16:56 (UTC +04:00)
III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxdadırlar.
III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxda (FOTO)

Bakı. Trend:

III Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəki və Qaxdadırlar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi iyulun 22-də proqram üzrə işini Şəkidə davam etdirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında yay məktəbinin iştirakçları yerli gənclərlə birgə AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədovun "Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər (erkən orta əsrlər)" mövzusunda mühazirəsini dinləyiblər. Məruzədə vurğulanıb ki, tarixən Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi həm multikultural dəyərlərin, həm də dini azadfikirliyin, tolerantlığın təşəkkül tapmasına və inkişafına zəmin yaradıb: “Azərbaycan olduqca unikal bir mədəniyyətə malik ölkədir. Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii, tarixi inteqrasiyası baş verib. Bu torpaqda tarix boyu atəşpərəstlik, türk, İran, Qafqaz, yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və digər müasir dünya sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşaraq dünyanın inkişafı üçün örnək sayıla biləcək mutikulturalizm modelini formalaşdırıb".

Günün ikinci yarısında yerli gənclərlə birgə beynəlxalq multikulturalizm yay məktəbi iştirakçılarının Şəkinin Kiş kəndinə ekskursiyası təşkil olunub. Tələbələr Kişdəki əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi sayılan, Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən olan Kiş-Alban məbədi ilə tanış olublar. Tələbələr həmçinin Qafqaz Albaniyası abidələrinin sərgisinə baxıblar.

Tələbələr Şəkiyə ekskursiyaları çərçivəsində Xan sarayı kompleksində və Şəki Karvansarayında da olublar. Burada gördükləri tarixi tikililər, məbədlər, Azərbaycan mədəniyyətinə xas olan şəbəkə memarlığı nümunələri, Şəki ipəyindən hazırlanmış əl işləri, şəkili ustaların hazırladıqları məişət və bəzək əşyaları, təkəlduz tikmələr, həmçinin ləziz Şəki mətbəxi xarici iştirakçıların böyük marağına səbəb olub.

Yay məktəbinin iştirakçıları Qax rayonundakı Kürmük məbədini də ziyarət ediblər. Tələbələrə məbədin tarixi ilə bağlı ətraflı məlumat verilib. Qədim abidə Azərbaycan multikulturalizm modelini öyrənən tələbələrdə böyük maraq doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti