...

Yol polisi paytaxt sakinlərinə müraciət etdi

Cəmiyyət Materials 15 Sentyabr 2016 15:08 (UTC +04:00)
Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı piyadaların da hərəkətində intensivlik xeyli dərəcədə artıb.
Yol polisi paytaxt sakinlərinə müraciət etdi

Bakı. Trend:

Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı piyadaların da hərəkətində intensivlik xeyli dərəcədə artıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarə bunu nəzərə alaraq, hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və öz nümunəvi davranışları ilə uşaqlara, yeniyetmələrə nümunə olmağa çağırır: "Hörmətli sakinlər, unutmayın ki, siz piyada qismində hərəkət edərkən yol hərəkəti iştirakçıları arasında ən zəifi hesab edilirsiniz və bu zəiflik insanın fiziki və ya zehni imkanları ilə ölçülmür. Sadəcə piyada yolun hərəkət hissəsinə çıxarkən hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşa biləcək real maneə olduğu üçün hərəkət edən ağır metal kütləsi ilə müqayisədə həddən artıq zəifdir".

Müraciətdə deyilir ki, hər il paytaxtın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin çoxu, təxminən 55%-i piyadaların vurulması ilə bağlı olur və bu qəzaların əksəriyyəti məhz piyadaların onlar üçün müəyyən olunmayan yerlərdən keçmələri səbəbindən baş verir. Baxmayaraq ki, təkcə paytaxt ərazisində 40-dan çox yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüzlərlə nizamlanmayan piyada keçidləri mövcuddur, yenə də piyadalarımız kütləvi şəkildə bu qaydaları pozur, nəticədə əziyyət çəkən, xəsarət alan və bəzən dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar.

Bəziləri yol polisini sürücülərlə müqayisədə piyadalara qarşı zəif mübarizə aparmaqda suçlayırlar. Amma il ərzində 140 minədək piyadanın məsuliyyətə cəlb edilməsi faktı bu fikirlərin tam əksini sübut edir və unutmaq lazım deyil ki, sürücülərin yol verdikləri qayda pozuntularının 60-70 faizi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

Bakı yol polisindən Bilik günü müraciəti

Bakı yol polisindən Bilik günü müraciəti

Aparılan təhlillər, ictimai qurumlar, qeyri hökumət təşkilatları ilə birgə keçirilən sorğular da göstərir ki, qayda pozan hərəkət iştirkçıları arasında müxtəlif yaş həddində olan insanlar var və onların böyük əksəriyyətinin bu hərəkətlə bağlı gətirdikləri arqumen ya tələsməkdir, yaxud diqqət yetirməmək. Narahatedici hallardan biri də odur ki, belə piyadaların əksəriyyətinin yanında azyaşlı uşaqlar olur. Bu isə uşaqlarda kiçik vaxtlarından yol qaydalarına biganəlik kimi xoşagəlməz vərdişlərin formalaşmasına səbəb olur.

BDYPİ bir daha yaşından, hayatda tutduğu müvqedən asılı olmayaraq hər bir kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir, bu qaydaların insan həyatının qorunması üçün nə qədər vacib və əhəmiyyətli olmasına diqqət yertirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti