Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 76 yaşlı qadını stəkanla qətlə yetiməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.
Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında məhkəmədən hər iki şəxsə 20 il cəza istəyib.
Məhkəmənin hökmü ilə Vüsal İsayev 20 il, Şəmsi Məhərrəmov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprel ayının 21-də 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.
V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər. Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetiriblər. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.