...

Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb

Cəmiyyət Materials 25 Oktyabr 2016 11:03 (UTC +04:00)
Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün məlumat bankı yaradılıb.
Azərbaycanda məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün məlumat bankı yaradılıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.

H.Hüseynova bildirib ki, məlumat bankı vasitəsilə məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır: "Burada əsas iki məqsəd var. İlk növbədə, biz araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldirik, xüsusilə regionlarda seminarlar, görüşlər keçiririk. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdiririk".

Komitə sədri əlavə edib ki, bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən "Məişət zorakılığının qarşısının alınması ilə bağlı 2016-2018-ci illər üçün birgə tədbirlər planı" təsdiq olunub.

H.Hüseynova qeyd edib ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli işbirliyinin olması çox vacibdir:

"Artıq kifayət qədər mütəxəssislər var ki, onlar qadın və uşaq hüquqlarının müdafiəsi, o cümlədən qanunvericilik sahəsinin gücləndirilməsi və digər istiqamətləri də beynəlxalq səviyyədə öz təcrübələri ilə bölüşə bilərlər. Ölkədə qadın hüquqlarının müdafiəsi, milli qadın hərəatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülüb. Azərbaycanda rəhbərliyin dəstəyi ilə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Lakin təkcə qanunların qəbul olunması əsas deyil, onların implementasiyası da vacibdir. Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti