...

Qubada istirahət mərkəzində sevgilisini qətlə yetirən şəxsin məhkəməsi başladı

Cəmiyyət Materials 1 Noyabr 2016 13:21 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qubada istirahət mərkəzində sevgilisini qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs E.Əhmədov işin ibtidai istintaqa qaytarılmasını istəyib. O bildirib ki, cinayəti tamah məqsədilə törətməyib. Hakim isə bildirib ki, bu məsələ məhkəmə istintaqı zamanı araşdırılacaq. Məhkəmə baxışı noyabrın 10-na təyin edilib.

İttihama görə, bu ilin yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Məlum olub ki, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Müəyyən edilib ki, K.Zalovanın E.Əhmədovla uzun müddətli münasibəti olub. Qətlə səbəb onlar arasında pul üstündə yaranmış mübahisə olub. K.Zalova onun 200 min manat pulunu mənimsəyib. Hadisə baş verən gün də pula görə dava ediblər və qətl baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti