...

Azərbaycan Brüsseldə "Sahibkar qadınların beynəlxalq çağırışı" konfransında iştirak edir

Cəmiyyət Materials 7 Noyabr 2016 16:39 (UTC +04:00)
Brüssel Ticarət və Sənaye Komitəsinin təşkilatçılığı ilə Belçikanın paytaxtında “Sahibkar Qadınların Beynəlxalq Çağırışı” (“International Women's Entrepreneurial Challenge Conference” – IWEC) adlı 9-cu illik konfrans işə başlayıb.
Azərbaycan Brüsseldə "Sahibkar qadınların beynəlxalq çağırışı" konfransında iştirak edir

Bakı. Trend:

Brüssel Ticarət və Sənaye Komitəsinin təşkilatçılığı ilə Belçikanın paytaxtında "Sahibkar Qadınların Beynəlxalq Çağırışı" (“International Women's Entrepreneurial Challenge Conference” – IWEC) adlı 9-cu illik konfrans işə başlayıb.

Trend-in məlumatına görə, noyabrın 9-dək davam edəcək tədbirə Afrika, Asiya, Avropa, Orta Şərq, Avstraliya, Şimali və Cənubi Amerikadan olan bir qrup uğurlu qadın sahibkar qatılıb.

IWEC hər il ənənəvi olaraq bütün dünyadan qadın sahibkarların nailiyyət və uğurlarını, həmçinin fikirlərini öyrənir. Ənənəyə sadiq qalaraq konfransda bu il 21 ölkədən 42 uğurlu sahibkar qadın mükafatlandırılıb. Mükafatlandırılmış qadın sahibkarlar proqram təminatı, istehsal, kənd təsərrüfatı biznesi, tullantıların idarə edilməsi, mühəndislik, sağlamlıq xidmətləri, kosmetika, səyahət, yük daşımaları, təhsil və digər sahələri təmsil edirlər. Konfrans çərçivəsində onlar digər qadın sahibkarlar, ticarət palatalalarının nümayəndələri və keçmiş mükafatçılarla ticarət, əlaqələrin qurulması və biznes imkanlarını müzakirə edəcəklər.

Bu il təltif olunanlar sırasında Azərbaycan, Türkiyə, İran, Hollandiya, Peru, İspaniya, Cənubi Afrika, ABŞ, Hindistan, İordaniya, Pakistan, Zimbabve, Tayvan, Kanada, Kolumbiya, Nigeriya, Bəhreyn, Banqladeş, Filippin, İsveç və Belçikadan olan sahibkar qadınlar yer alıb.

Azərbaycandan bu il IWEC mukafatına “RED Communications” PR və BTL Agentliyinin icraçı partnyoru və “Azərbaycanın 100 biznes-qadını” təşkilatının sədri Tatyana Mikayılova layiq görülüb.

Tatyana Mikayılova bildirib: “Brüssel konfransında 2016-cı il IWEC mükafatı aldığım üçün qürur duyuram. Dünyanın hər yerində qadınlar oxşar çağırışlarla üzləşir. Xanım sahibkar olaraq hər uğurun arxasında nələrin dayandığını, irəliləmək üçün nə qədər cəhd və gücün tələb olduğunu başa düşürəm. Bizim məqsədimiz yaşından asılı olmayaraq potensialını başa düşmək və uğura doğru irəliləmək üçün hər bir qadını gücləndirməkdir”.

Builki konfransın mövzusu “Qadın bizneslərinin qlobal əlaqələndirilməsi: Dayanıqlı gələcəyin qurulması”dır. Konfransda IWEC və Brüssel Ticarət və Sənaye Komitəsinin liderlərinin çıxışları, BMT-nin Rabitə və ictimai informasiya üzrə baş katibinin müavini Kristina Qallax da daxil olmaqla bir sıra məruzəçinin nitqi, qlobal qadın sahibkarlığı qarşısında çağırışlar və qadınların biznesdə inkişafı və təsirinin artmasına dair panel müzakirələri, həmçinin korporativ sosial məsuliyyət ətrafında müzakirələr baş tutacaq.

IWEC-in missiyası uğurlu sahibkar qadınlar üçün qlobal biznes şəbəkəsi yaratmaq, beynəlxalq bazarlara çıxışı və genişlənməni təmin etmək məqsədilə onlara bilik və təcrübə paylaşımı üçün platforma təqdim etmək, dünyada qadın sahibkarlar və biznes liderləri arasında dialoq yaratmaqdır.

Qərargahı Nyu-Yorkda yerləşən IWEC qeyri-kommersiya təşkilatı qlobal təşəbbüs olaraq uğurlu sahibkar xanımlar üçün beynəlxalq bazarlara çıxış əldə etmək və iştirakını genişləndirmək məqsədilə onlara lazımi dəstək göstərir. IWEC-in fəaliyyəti ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti