...

Tolerantlıq Azərbaycan xalqının ruhundadır (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2016 12:44 (UTC +04:00)
Nizami rayonunda 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirilib.
Tolerantlıq Azərbaycan xalqının ruhundadır  (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycanın dünyada həm də tolerantlıq örnəyi kimi tanındığını bildirən Sədaqət Vəliyeva əlavə edib ki, dövlətimiz bütün millətlərin, xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı nadir ölkələrdəndir.

Çıxış edən Milli Məclisin deputatı Rafael Cəbrayılov söyləyib ki, görkəmli dövlət xadimi Heydər Əliyev multikultural dəyərləri çox yüksək səviyyədə qiymətləndirərək onun siyasi, hüquqi bazasını yaradıb. Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli Liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Bu, Azərbaycan ideologiyasının çox böyük qələbəsidir.

“Son illər Azərbaycanda keçirilən humanitar forum və digər beynəlxalq tədbirlər ölkəmizi dünya multikulturalizminin mərkəzlərindən birinə çevirib” deyən Milli Məclisin deputatı Rasim Musabəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətin və dialoqun gücləndirilməli olduğunu da bəyan edib.

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti