...

Azərbaycanda "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir

Cəmiyyət Materials 14 Noyabr 2016 07:58 (UTC +04:00)
Azərbaycanda "İpək yolu" turizm marşrutu üzrə "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir.
Azərbaycanda "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda "İpək yolu" turizm marşrutu üzrə "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, bu vasitə ilə "İpək yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək olar.

Azərbaycanda qatar vasitəsilə turizmin hələ sovet dövründə mövcud olduğunu deyən M.Ağakərimov qeyd edib ki, qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir.

M.Ağakərimov hesab edir ki, Bakı-Tbilisi-Qars və Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu açıldıqdan sonra Azərbaycanda "qatar turizmi"ni inkişaf etdirmək olar.

Onun fikrincə, "İpək yolu" üzərində yerləşən Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, İran və Azərbaycan turist cəlb etmək üçün birgə marşrutlar hazırlamalıdır: "Bu yol Çindən başlayıb, Türkiyədə başa çatır. “Ipək Yolu” üzrə bir neçə marşrut var. Onların bəziləri İrandan, bəziləri Orta Asiya - Qırğızıstan, Qazaxıstan, Özbəkistandan keçir. Buna görə də "İpək Yolu" üzrə bir deyil, bir neçə turizm proqramı tərtib oluna bilər. Marşrut istiqamətlərinə Rusiya da daxil ola bilər”.

M.Ağakərimov qeyd edib ki, "İpək yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək üçün həmin ölkədən gələcək turistlərin maraqları, istəkləri öyrənilməli, bunun əsasında da proqramlar hazırlanmalı və həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti