...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans keçirilir

Cəmiyyət Materials 14 Noyabr 2016 11:25 (UTC +04:00)
Bu gün Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb.
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti haqqında danışaraq Qurultayın türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında mühüm rol oynadığını söyləyib.

Prezident İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" 18 fevtal 2016-cı il tarixli sərəncamını xatırladan akademik sənədin 1-ci Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verdiyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Birinci Türkoloji Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə toxunub. Xalq yazıçısı qeyd edib ki, latın əlifbasına keçid XX əsrin əvvəllərində Azərbaycanda tətbiq edilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir.

Onun sözlərinə görə, bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub: "Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir. Azərbaycan nümayəndələrinin qurultayda qaldırdıqları məsələlər, irəli sürdükləri ideyalar həmin qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayıb. I Türkoloji Qurultayın Sovetlər İttifaqından olan bütün iştirakçıları ciddi təqiblə üzləşib, həbs cəzasına məhkum edilib, sürgünə göndəriliblər. Lakin nə qədər çətin olsa da, I Türkoloji Qurultayın ideyaları, çağırışları daim öz əhəmiyyətini qoruyub saxlayıb".

Tədbirdə Türk Dil Qurumunun başqanı Mustafa Kaçalin, Hacəttəpə Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünün başqanı Şükrü Haluk Akalın və başqaları çıxış ediblər.

Konfrans işini sabah yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti