...

Azərbaycan: qorumalı olduğumuz sərvətimiz

Cəmiyyət Materials 17 Noyabr 2016 20:17 (UTC +04:00)
Nizami rayonunda YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə eyni adlı filmin təqdimatı keçirilib.
Azərbaycan: qorumalı olduğumuz sərvətimiz

Bakı. Trend:

Nizami rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Nizami rayon təşkilatı birgə partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə “Azərbaycan: qorumalı olduğumuz sərvətimiz” adlı filmin təqdimatını keçirib.

Trend-in məlumatına görə, tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon təşkilatının qərargahındakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub. Dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra filmin təqdimatı olub.

Qeyd edək ki, film YAP Gənclər Birliyinin sədri Seymur Orucovun və partiyanın Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayevanın ideya müəllifliyi ilə hazırlanıb. Filmdə dünyada baş verən siyasi-hərbi kataklizmlərin, sosial-iqtisadi böhranın, imperialistlərin “demokratiya” pərdəsi altında bir sıra ölkələrdə qurduqları siyasi oyunların fonunda Azərbaycanın sabit, stabil və dinamik inkişafından söz açılır və bütün bunların əsasında respublika gənclərinin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılır, eyni zamanda, Azərbaycandakı siyasi-ictimai sabitliyin qorunub saxlanılmasında Yeni Azərbaycan Partiyasının xidmətləri xatırlanır.

Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: "700 minə yaxın üzvü olan partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zamanda iqtidar partiyasına çevrildi. Bu bir faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. YAP-ın yaranma zərurəti həm də ağır vəziyyətdə yaşayan xalqın sosial sifarişi kimi şərəfli tariximizə yazıldı".

Məşhur “91”lərdən olan, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qzəetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 1992-ci ildə hakimiyyət vəziyyətdən neçə çıxmağın yolarını bilmirdi: “Xalq isə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Nəhayət, "91-lər"in müraciətindən sonra ulu öndər Heydər Əliyev partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün YAP qısa müddətdə təşkilatlandı və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur: “YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Ən əsası isə, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaq etibarilə vətəndaşların alternativsiz seçimi kimi çıxış edir”.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov isə diqqətə çatdırıb ki, ötən 24 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır: “Bu partiyanın ötən 24 il ərzində nəinki ölkənin, eyni zamanda, regionun ən böyük siyasi partiyasına çevrilməsinin və sosial dayqlarının gündən-günə güclənməsinin arxasında yatan səbəbləri araşdırarkən diqqət edilməli olan nüanslar var. Çünki, siyasi partiyaların gücünü formalaşdıran və ona böyük ictimai dəstək verən başlıca detallardan biri həmin təşkilatların liderləri və onlara cəmiyyətin verdiyi dəstəklə bağlıdır”.

Çıxışlardan sonra mükafatlandırma mərasimi baş tutub.

Öncə Heydər Əliyev ideyalarının təbliğində və gənclərin maarifləndirilməsində xüsusi xidmətlərinə görə YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva sertifikatla təltif edilib. Sonra Almaniyanın Vuppertal şəhərində beynəlxalq turnirdə erməni döyüşçüsü Cioran Apuyepyanı elə 1-ci raunddaca nokauta salaraq qələbə qazanan YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədova, şeir müsabiqəsində Bakı üzrə birinci olmuş Zeynalabdin Bağırzadəyə hədiyyələr verilib.

Həmçinin, ictimai fəallığına görə bir qrup partiya üzvü Fəxri fərmanla təltif edilib, YAP Nizami rayon təşkilatının nəzdindəki Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim olunub və partiyaya yeni daxil olmuş gənclərə vəsiqələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti