...

Rayonlardan Bakıya təcili yardım maşınları ilə xəstə gətirilməsi 30 faizədək azalıb

Cəmiyyət Materials 22 Noyabr 2016 14:01 (UTC +04:00)
Azərbaycanda 2013-cü illə müqayisədə bu il ərzində rayonlardan Bakıya xəstələrin təcili tibbi yardım maşınları ilə gətirilməsi halları 30 faizə yaxın azalıb.
Rayonlardan Bakıya təcili yardım maşınları ilə xəstə gətirilməsi 30 faizədək azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2013-cü illə müqayisədə bu il ərzində rayonlardan Bakıya xəstələrin təcili tibbi yardım maşınları ilə gətirilməsi halları 30 faizə yaxın azalıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi regionlardakı səhiyyə müəssisələrinin müasir avadanlıqlarla, yüksək səviyyəli kadrlarla təmin edilməsi və xəstənin elə orada lazım olan yardım ala bilməsi imkanlarının yaradılması ilə bağlıdır.

M.Cavadov bildirib ki, məhz bu səbəbdən regionlardakı xəstələrin Bakıya daşınmasına ehtiyac yaranmır.

M.Cavadov həmçinin qeyd edib ki, xəstənin rayondan Bakıya göndərilməsinə qadağa qoyulmayıb.

Onun sözlərinə görə, xəstənin digər tibb müəssisəsinə köçürülməsi ilə bağlı qərar həkimlər konsilium keçirdikdən sonra verilir:

“Əgər xəstəyə bir deyil, bir necə mütəxəssis lazımdırsa, bu mütəxəssislərin olması səbəbindən xəstənin səhhətində ağırlaşmalar baş verə bilərsə, rayondakı şərait xəstənin orada qalaraq müalicəsini davam etdirməyə imkan vermirsə, onda xəstə hər hansı bir ixtisaslaşmış xəstəxanaya köçürülür. Konsiliumun qərarı ilə, xəstənin vəziyyəti qiymətləndirməklə xəstə xüsusiləşdirilmiş maşınlarla Bakıya, yaxud digər ətraf rayonların tibb müəssisələrinə köçürülür”.

Baş həkim qeyd edib ki, xəstələrin rayonlardan Bakıya gətirilməsinə səbəb olan diaqnozlar daha çox müştərək travmalardır.

M.Cavadov əlavə edib ki, onlar xəstələrini öz xətləri ilə Bakıdakı tibb müəssisələrinə gətirmək istəyən şəxslərin işlərinə müdaxilə edə bilməzlər. Onun sözlərinə görə, istənilən şəxs özəl tibb müəssisələrinin təcili tibbi yardım maşınları ilə Bakıya və digər mərkəzi şəhərlərə xəstə apara bilər.

M.Cavadov bildirib ki, ümumilikdə stansiyaya daxil olan müraciətlərin sayı azalıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə Trend-ə bildirib ki, xəstənin daşınması həm vaxt itkisidir, həm də yola sərf olunan vaxt ərzində xəstənin vəziyyəti ağırlaşa bilər.

R.Nağıyev qeyd edib ki, əvvəllər şərait olmadığına görə, Bakıda da xəstələr təcili tibbi yardım maşınları ilə bir müəssisədən digərinə köçürülürdü: "Ancaq son illər ərzində buna ehtiyac yoxdur. Xəstələr müəssisələrə təyinatı üzrə yerləşdirilirlər. Bakıdakı tibb müəssisələrində hər bir şərait olduğundan ehtiyac olmur ki, xəstə bir yerdən digərinə daşınsın. Zəruri halda daha yüksək ixtisaslı həkimlər xəstənin olduğu tibb müəssisəsinə gətirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti