...

Ramana-Maştağa avtomobil yolunun yenidən qurulma işləri yekunlaşıb (VİDEO/FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2016 07:56 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşıb
Ramana-Maştağa avtomobil yolunun yenidən qurulma işləri yekunlaşıb (VİDEO/FOTO)

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunun Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşıb. Bu barədə Trend-ə “Azəravtoyol” ASC -dən məlumat verilib.

Uzun müddətdir ki, asfalt-beton örtüyü yararsız vəziyyətdə olan yolun ümumi uzunluğu 11 km-dir.

Yenidən qurulan yol Heydər Əliyev prospekti - Mərdəkan və Zabrat - Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verb.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr təşkil edirdi. Tikinti işləri çərçivəsində yolun eni 8.5-10 metrə qədər genişləndirilib. Bura 7-7.5 metr olan iki hərəkət zolağı və hər bir istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1.5 metr enində piyada səkiləri daxildir.

Yenidənqurma işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə isə yeni yol yatağı və yol əsasının tikintisi işləri aparılıb. Ümumilikdə 41,3 min m3 torpaq işi görülüb, 46,7 min m3 karxana qırmadaşı və qum-qırmadaş qarışığı istifadə edilib. Daha sonra köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb və 2 qat ( 7+5 sm ) olmaqla yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min m2-ə yaxındır.

Ramana-Maştağa avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min m2 istinad divarı və 14,2 min m2 yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 13 min p/m yeni səki daşları düzülüb. Bütün bu işlərə paralel olaraq yol boyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Ümumilikdə 400 metr qaz və elektrik xətti, 450 metr isə rabitə xətti yoldan kənarlaşdırılıb.Yol boyu zəruri olan yerlərdə 108 ədəd 9 metr hündürlüyündə birqollu dirək olmaqla yeni işıqlandırma sistemi də quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 22 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin 4 min m2 yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Ümumiyyətlə 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85.6 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti