...

Bakıda taksi dayanacaqları pasportlaşdırılır

Cəmiyyət Materials 30 Noyabr 2016 11:50 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.
Bakıda taksi dayanacaqları pasportlaşdırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.

BNA-dan Trend-ə verilən məlumata görə, məqsəd, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir. Bu çərçivədə ilk tədbir metronun "Koroğlu" stansiyasının ətrafında keçirilib. BNA-nın müffətişləri yol patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hüquq və vəzifələri, eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparıb.

Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur. Məlumat verilib ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbrilər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Agentliyin xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.

Maarifləndirici xarakter daşıdığından tədbir zamanı dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı cərimə protokolları tərtib edilməyib. Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, BNA Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə belə tədbirlərin mütəmadi keçirilməsi ilə bağlı razılığa gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti