...

Ötən il əlilliyi olan şəxslər 32 764 reabilitasiya vasitəsi ilə təmin edilib

Cəmiyyət Materials 6 Yanvar 2017 11:11 (UTC +04:00)
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib.
Ötən il əlilliyi olan şəxslər 32 764 reabilitasiya vasitəsi ilə təmin edilib

Bakı. Trend:

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslər 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2016-cı ildə 15 296 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 1 723 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər olub.

Bu dövrdə əlilliyi olan şəxslərə 1 124 ədəd əlil arabası, 665 ədəd eşitmə aparatı, 1 098 ədəd aşağı və yuxarı ətraf protezi, 1 336 ədəd aşağı və yuxarı ətraf ortezi, 758 ədəd bel və boyun nahiyəsi üçün korset, 2 462 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 840 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan insanlar həmçinin 2 317 ədəd əsa, 3 173 cüt protez ayaqqabı, 4846 cüt ortopedik ayaqqabı, 8 796 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. ilə təmin olunublar. Ümumilikdə ötən il əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onlara 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində onurğa sutunu zədələnmiş əlilliyi olan şəxslərin reabilitasiyası, serebral iflicin fəsadlarının, anadangəlmə bir sıra qüsur və deformasiyaların aradan qaldırılması, amputasiya edilmiş şəxslərin protezləşməyə hazırlanması və s. istiqamətlərdə bərpa xidmətləri göstərilir. Ötən il həmin bölmələrdə 698 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin ediliblər.

Mərkəzin mütəxəssislərindən ibarət tibbi-texniki briqada tərəfindən respublikamızın rayon və şəhərlərində səyyar formada protez-ortopedik bərpa xidmətləri həyata keçirilir. Bu istiqamətdə işlərin davamı olaraq, ötən il ölkəmizin bölgələrində 1000 nəfərə yaxın əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 218 nəfər şəxsə) yaşadıqları rayon və ya şəhərdə səyyar formada aidiyyəti xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti