...

Azərbaycanda qanında bədxassəli xəstəlik olanların sayı açıqlanıb

Cəmiyyət Materials 11 Yanvar 2017 12:26 (UTC +04:00)
Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.
Azərbaycanda qanında bədxassəli xəstəlik olanların sayı açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun ötən ilki yekunlarına həsr olunmuş tədbirində deyib.

Onun sözlərinə görə, dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir: "Uşaq və gənc yaşlarında qanın bədxassəli şişlərindən ölüm hallarının 50 faizə yaxın olması diqqəti cəlb edir. Narahatedici amillərdən biri də odur ki, 15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir".

Qanın bədxassəli xəstəliklərinin müasir təbabətin ən aktual problemlərindən biri olduğunu deyən Ç.Əsədov qeyd edib ki, son illər ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində xeyli irəliləyişlərə nail olunub. Onun sözlərinə görə, müasir diaqnostikanın əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi, həmin xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaradır:

"Son zamanlar qazanılan nailiyyətlər əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti