...

Heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı epizootik tədbirlərə başlandı

Cəmiyyət Materials 13 Yanvar 2017 11:59 (UTC +04:00)
2017-ci ildə heyvan arasında müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına start verilib.
Heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı epizootik tədbirlərə başlandı

Bakı. Trend:

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq 2017-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb. Abşeron, Ağdam, Ağstafa, Şəki rayonlarının və Bakı şəhərinin atçılıq təsərrüfatları üçün atların manqo, qrip, rinopnevmoniya xəstəliklərinə qarşı diaqnostiki və profilaktiki tədbirlərə başlanılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti “Epizootik tədbirlər planı”nda nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd, dezinfeksiya, deinseksiya və s. vasitələrlə yerli baytarlıq idarələrini təmin etmiş və lazımi nəzarət tədbirlərini həyata keçirir. Eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə vaxtaşırı rayonlara ezam olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti