...

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Qərb bölgəsində sakinlərlə görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2017 15:51 (UTC +04:00)
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Qərb bölgəsində sakinlərlə görüşlər keçirib.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Qərb bölgəsində sakinlərlə görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) Gəncə-Qazax Regional Mərkəzi yaradılıb.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, təşkilatın Qərb bölgəsi üzrə fəaliyyəti Gəncə və Naftalan şəhərlərini, eləcə də Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə edəcək, regional mərkəz isə Şəmkir Heydər Əliyev Mərkəzində yerləşəcək.

Qeyd edək ki, İctimai Birliyin indiyə qədər Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Aran-1, Aran-2, Şəki-Zaqatala regional mərkəzləri yaradılıb.

Gəncə-Qazax Regional Mərkəzinin Şəmkir şəhərində keçirilən iclasında çıxış edən RİİB-in sədri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 2016-cı ildə yaradılan təşkilatın başlıca məqsədi ictimai nəzarəti gücləndirmək, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, həyata keçirilən layihələrlə ölkədə aparılan islahatlara, o cümlədən dövlətin regionların inkişafı üzrə gördüyü tədbirlərə dəstək göstərmək, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulmasına nail olmaqdır.

Bildirilib ki, İctimai Birliyə regionlardan daxil olan çoxsaylı müraciətlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində konkret nəticələr əldə edilib.

Təqdimat tədbirində çıxış edən rayon sakinləri Heydər Əliyev Fondunun bu günədək regionda həyata keçirdiyi layihələrdən, inşa olunan təhsil, səhiyyə müəssisələri barədə danışıb və “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti çərçivəsində bu layihələrin genişlənəcəyinə inandıqlarını bildiriblər.

Tədbirdə sakinləri maraqlandıran müxtəlif məsələlərin həllinə kömək göstərilməsi ilə bağlı təkliflər verilib.

M.Abdullayev RİİB-in fəaliyyətində könüllülərin rolunun əhəmiyyətindən danışaraq, gəncləri İctimai Birliklə əməkdaşlığa, yaşadığı rayon və ya kənd üçün vacib olan məsələlərin həllində yaxından iştirak etməyə dəvət edib.

Sakinlər və könüllülər İctimai Birliyə 150 “qaynar xətt”i, elektron poçt ([email protected]), sosial şəbəkə hesabları (www.riib.az, www.facebook.com/regionalinkishaf, instagram.com/regionalinkishaf, twitter.com/az_riib) vasitəsilə, 012 505 01 50 telefon və 050 500 01 50 "WhatsApp" nömrələri ilə əlaqə saxlayaraq təklif və müraciətlərini, foto və video materiallar göndərə, eləcə də gənclər təşkilata könüllü kimi qoşula (www.riib.az/site/bizeqoshul) bilərlər.

RİİB nümayəndələri, həmçinin Şəmkirin Zəyəm qəsəbəsi, Sabirkənd və Düyərli kəndlərində, Tovuzun Qovlar şəhəri, Düz Cırdaxan və Cəlilli kəndlərində, Ağstafanın Aşağı Göyçəli və Dağ Kəsəmən kəndlərində, Qazaxın Aşağı Salahlı və Yuxarı Salahlı kəndlərində sakinlərlə görüşlər keçirib, onların problemləri ilə maraqlanaraq təkliflərini dinləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti