...

Şamaxıda sürüşmə yenidən aktivləşdi

Cəmiyyət Materials 26 Yanvar 2017 12:24 (UTC +04:00)
Son günlər havaların yağıntılı keçməsi Şamaxıda sürüşmə zonalarınada aktivliyi artırıb.
Şamaxıda sürüşmə yenidən aktivləşdi

Bakı. Samir Əli - Trend:

Son günlər havaların yağıntılı keçməsi Şamaxıda sürüşmə zonalarında aktivliyi artırıb. Bu barədə Trend-ə Şamaxı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov məlumat verib.

İcra başçısının müavini bildirib ki, şəhərin sürüşmə zonalarında aktivlik əsasən ötən ilin oktyabr-noyabr aylarında baş verən intensiv yağıntılardan sonra başlayıb:

"Ümumilikdə, Şamaxı seysmoloji zona olduğu üçün bu ərazilər sürüşməyə meyillidir. Yağıntılar olduqca, sürüşmə də aktivləşir. Hazırda həmin ərazilər nəzarətdə saxlanılır. Sürüşmə zonalarına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da mütəmadi baxış keçirirlər, sürüşmə zonalarındakı aktivlik nəzarətdə saxlanılır".

Q.Qasımov bildirib ki, hazırda Muğanlı qəsəbəsi və digər sürüşməyə meyilli ərazilərdə sürüşmə zonasında aktivlik müşahidə olunur:

"Son vaxtlarda ərazilərdəki ev və obyektlərdən köçürülmə olmayıb. Sonuncu köçürülmə 2014-cü ildə baş verib. Yeni Muğanlı qəsəbəsi salınıb və 62 ev tikilib sakinlərin istifadəsinə verilib. Hazırda sürüşmə zonalarındakı evlərdə əmələ gələn çatlarla bağlı bizə fərdi müraciətlər edilir. Həmin müraciətlər barədə aidiyyəti qurumlara müraciət edilir".

Q.Qasımov qeyd edib ki, hazırda Şamaxının 7 kənd və qəsəbəsində ümumilikdə 400-dən artıq ev və obyektdə çatlar əmələ gəlib:

"Bu evlərdə çatlar son vaxtlarda baş verən sürüşmə nəticəsində yaranmayıb. Bu, ümumilikdə son 10 ildə baş verən sürüşmə nəticəsində tədricən çatlar yaranan evlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti