...

Azərbaycanla Şimali Avropa və Baltikyanı ölkələrin münasibətləri yüksək səviyyədədir

Cəmiyyət Materials 1 Mart 2017 10:51 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri ilə görüş keçirilib.
Azərbaycanla Şimali Avropa və Baltikyanı ölkələrin münasibətləri yüksək səviyyədədir

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri ilə görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov fevralın 28-də ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Einar Vallbaumun rəhbərlik etdiyi Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndə heyəti ilə görüşüb.

Fondun tərkibinə daxil olan ölkələrin, o cümlədən Estoniyanın Azərbaycanla münasibətləri hər iki dövlətin müstəqillik qazanmasından sonra da yüksələn xəttlə inkişaf etməkdədir. Bu gün ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdirlər.

Əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi, bu ağır problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli və digər mühüm məsələlərin müzakirəsinin də geniş yer aldığı görüşdə qonaqlara hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb.

Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-nın, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.

Bunlara baxmayaraq Azərbaycanın torpaqlarının işğalda qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını əminliklə qonaqların diqqətinə çatdıran Komitə sədrinin müavini bütün bunların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qaydışın” kiçik bir nümünəsi kimi reallaşacağını bildirib.

Şimali Avropa və Baltikyanı ölkələrin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini bildirən qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Xocalı faciəsini bəşər tarixində insanlığa sığmayan cinayət adlandırıblar. Görüşdə qonaqların təmsil etdikləri Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun fəaliyyəti, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, beynəlxalq qurumlarda əlaqələrin gücləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşün sonunda qonaqlara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı və “Xocalı Soyqırımı” adlı kitab təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti