...

I Bakı Beynəlxalq Su Həftəsi öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2017 17:21 (UTC +04:00)
Bu gün “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində I Bakı Beynəlxalq Su Həftəsi öz işinə başlayıb.
I Bakı Beynəlxalq Su Həftəsi öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Bu gün “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində I Bakı Beynəlxalq Su Həftəsi öz işinə başlayıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həftə çərçivəsində Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi də qeyd olunur.

Həftənin ilk günü tədbir iştirakçılarının Şollar su mənbəyinə, Taxtakörpü su anbarına, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunub. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dünya Su Şurasının prezidenti Benedito Braqa, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin layihə rəhbəri ser Uilyam Lindleyin nəslinin nümayəndələri, Su Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xarici qonaqlar, elm adamları və mütəxəssislər səfərdə iştirak ediblər.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan qonaqlara kompleks haqqında geniş məlumat verilib. Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanmış kompleks 2011-2015-ci illərdə tikilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr olan kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi insan əli dəymədən, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır. Kompleks 2016-cı ildə Abu Dabidə keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

Səfər çərçivəsində qonaqlar Şabran rayonu ərazisində inşa olunmuş Taxtakörpü su anbarında da olublar. Qonaqlara məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilmiş Taxtakörpü su anbarının ümumi su tutumu 270 milyon kubmetrdir. Anbarda toplanan sudan elektrik enerjisinin alınması, içməli, texniki və suvarma suyu kimi istifadə olunur. Bu anbarın istismara verilməsi ilə Ceyranbatan gölünə daha çox su gətirilib və bununla da Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi üçün əlavə su ehtiyatı yaranıb.

Xaçmaz rayonu ərazisində yerləşən Şollar su mənbəyi ilə tanış olan qonaqlara layihə barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi Abşeron yarımadasının içməli su təchizatı üçün yaradılmış ilk infrastrukturdur. Kompleks 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında inşa edilib. XIX əsrin sonu XX əsrin əvvəllərində ağır iqtisadi şəraitə, gərgin və ziddiyyətli siyasi proseslərə baxmayaraq Şollar mənbəyindən Bakıya magistral su kəmərinin çəkilməsi mümkün olub. 1917-ci ildə su kəməri “müvəqqəti variant” əsasında istismara verilib. Sovet hakimiyyəti illərində layihə genişləndirilib və 1964-cü ildə kəmərin məhsuldarlığı maksimal həddə - saniyədə 1,27 kubmetrə çatdırılıb.

186 km uzunluğunda olan bu kəmər artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. 100 il fasiləsiz olaraq Bakını su ilə təmin edən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. Bu layihənin icra olunmasında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və məşhur mühəndis Uilyam Lindleyin müstəsna xidmətləri olub.

Qonaqların diqqətinə çatdırılıb ki, Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar su mənbəyində və kəmərin marşrutu boyu ərazilərdə bina və qurğularda əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri aparılıb. Bu məqsədlə Şollar mənbəyində suqəbuledici kamera əsaslı təmir olunub. 20 əlahiddə baxış quyusunda, 18 artezian baxış quyusunda, 13 aralıq suqəbuledici kameralarda və 24 çay keçidlərində əsaslı təmir işləri aparılıb. Su mənbəyində və kəmərin marşrutu boyu müxtəlif məntəqələrdə 15 mühafizə binası tikilib və yenidən qurulub. Ərazidəki binalardan birində kompleksin tarixi ilə bağlı sənədlər, xəritə və digər eksponatlar yerləşdirilib. Kompleksin müxtəlif təyinatlı bina və qurğularının yerləşdiyi ərazilərdə 22 min kvadratmetr asfalt, 1850 kvadratmetr tamet, 8250 kvadratmetr qənbər daşı döşənib, 1470 poqonometr bordür düzülüb. Şollar su mənbəyi ərazisində Hacı Zeynalabdin Tağıyevin xatirəsinə ucaldılmış abidə bərpa olunub. Kompleks ərazisində aparılan işlər zamanı bina və qurğuların qədimliyinin qorunmasına xüsusi diqqət yetirilib. Şabran rayonu ərazisində yerləşən tunelin giriş dukerləri qədimliyi qorunmaqla təmir edilib.

Qonaqlar Şollar su mənbəyi, Taxtakörpü su anbarı və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda qədim su təchizatı qurğularına xüsusi diqqət göstərilməklə yanaşı, bu sahədə ən müasir texnologiyaların tətbiqinə geniş yer verilir.

I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində tədbirlər davam edir. 15 mart 2017-ci il tarixdə “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti