...

Binəqədidə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2017 15:54 (UTC +04:00)
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib.
Binəqədidə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “İslam ölkələrinin həmrəylik festivalı” keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, festivalda rayon rəhbərliyi, millət vəkilləri, Sudan, İraq, İndoneziya səfirləri, Misir, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Türkiyə diplomatları, “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulayıb. Duz-çörəklə qarşılanan qonaqları Şərq ədəbiyyatının dahi, mütəfəkkir şairləri Nizami Gəncəvi, Xurşidbanu Natəvan, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi, Yunis Əmrənin obrazları salamlayıblar.

Hər ölkə üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə islam ölkələrinin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilib. İslam dünyasının çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub.

Daha sonra qonaqlar Azərbaycan çadırına təşrif buyuraraq, Odlar Yurdu Azərbaycanın çox əsirlik qədim adət-ənənələri, milli mətbəxi, zəngin tarixi nümunələri ilə tanış olublar. O cümlədən, Azərbaycan çadırında qonaqlara Şərq rəqsi, “Novruz gəlir” mahnısı, Yallı rəqs nümunələri göstərilib və Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.

Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan Həmrəylik festivalı sakinlər tərəfindən böyük maraqla qarşılanıb. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən Novruz festivalı şənliyin əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, təqdim olunan bayram əhval-ruhiyyəli təqdimatlar sakinlərdə xoş ovqat yaradıb. Bayram tədbirinin yekununda İslam ölkələrinin adları əks olunmuş şarlar havaya uçurulmuş və atəşfəşanlıqla yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti