...

Bilik Fondu aprel şəhidlərinin xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2017 18:30 (UTC +04:00)
Bilik Fondu “Azərbaycan bayrağı”ordenli şəhid pilot Təbriz Musazadə" adına Təhsil və incəsənət hazırlıq mərkəzində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib.
Bilik Fondu aprel şəhidlərinin xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu “Azərbaycan bayrağı”ordenli şəhid pilot Təbriz Musazadə" adına Təhsil və incəsənət hazırlıq mərkəzində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib.

Trend-in məlumatına görə, fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında danışıb. Bu döyüşlərin xalqımızın və ordumuzun savaş ruhunun, qələbə əzminin ifadəsi olduğunu söyləyib. Düşmənə ağır zərbələr endirmiş “Mi-24” helikopterinin şəhid pilotları – mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinin daim yaddaşlarda qalacağını deyib. Mərkəzə kitablar hədiyyə edilib, vətənpərvərlik ruhlu tədbirlərə, xoş məramlı layihələrinə daim dəstək veriləcəyi bildirilib.

Mərkəzin təsisçi rəhbəri Pərişan Musazadə şəhidlərin xatirəsinə göstərdiyi ehtirama görə Bilik Fonduna təşəkkür edib. Təlim - tədris mərkəzində açılmış kurslara yazılanların gündən-günə artdığını, burada şəhid və qazi övladları üçün hazırlıq kurslarının ödənişsiz olduğunu deyib. O, yüksək ixtisaslı peşəkar mütəxəssislərin çalışdığı kollektiv üzvlərinin səyi ilə Mərkəzin paytaxt və regionlarda yaddaqalan tədbirlər keçirdiyini də vurğulayıb. Yaxın günlərdə Mərkəzdə aprel şəhidlərinin xatirə muzeyinin açılacağını bildirib.

Kurslarda təlim keçən məktəbli və gənclərin ifasında Azərbaycana, Şəhidlərə, Vətənə məhəbbət mövzusunda şeirlər, hərbi vətənpərvərlik ruhlu mahnılar səslənib, aprel şəhidlərindən bəhs edən film göstərilib.

Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində yerləşən Mərkəzin qarşısından keçən vətəndaşlar, ətraf məhəllələrdə yaşayan şəhər sakinləri də mərasimə qatılaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti