...

Binəqədidə gənclər hərbi xidmətə yola salınıb (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2017 17:47 (UTC +04:00)
Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Binəqədidə gənclər hərbi xidmətə yola salınıb (FOTO)

Bakı. Trend:

Bu gün “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında “ Azərbaycan Prezidentinin 10 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilib.

Trend-in məlumatına görə, yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimov, Böyük Vətən Müharibəsi iştirakçıları, Milli qəhrəman Mirzə Quliyev, aprel şəhidlərinin valideynləri, Biləcəri qəsəbə I məhəllə məscidinin axundu Musa İbrahimov, QHT sədrləri, hərbi xidmətə yola salınan gənclər, məktəblilər iştirak ediblər.

İlk öncə yolasalınma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Binəqədi rayonun şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının məzarlarını ziyarət etməklə başlayıbdır. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad edəcəklərinə inandıqlarını bildiriblər.

Hərbi xidmətə yola salınacaq gənclər daha sonra Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” Parkına yola düşdülər. Parkın ətrafında gəncləri vətənimizə, dövlətimizə yüksək əhval-ruhiyyə ilə xidmət etmələrinə mənəvi dəstək olmaq üçün rayon ictimaiyyəti toplaşıb. Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyulub. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri açıq elan etdikdən sonra Dövlət Himni ilə səsləndirilib.

Çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, aprel şəhidləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun valideynləri hərbi xidmətə yola düşən gənclərimizə vətənin keşiyində durmağı, lazım gələrsə vətən torpağının azadlığı uğrundan canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər. Natiqlər çıxışlarında bildiriblər ki, vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib, xalq artisti Mübariz Tağıyevin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, 179 və 182 saylı tam orta məkətbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda kompazisiyalar nümayiş edilib.

Tədbirin bədii hissəsi bitdikdən sonra gənclər Azərbaycan Bayrağını öpüb Qurani-Kərimin altından keçərək Böyük Vətən Müharibəsi veteranlarından xeyir-dua alıb hərbi xidmətə yollanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti