...

Bakı Metropoliteni IV İslam Oyunları ilə bağlı tədbirlər planını açıqladı

Cəmiyyət Materials 7 Aprel 2017 16:06 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti IV İslam Həmrəylik Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.
Bakı Metropoliteni IV İslam Oyunları ilə bağlı tədbirlər planını açıqladı

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti IV İslam Həmrəylik Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, Bakı Metropoliteni IV İslam Həmrəylik Oyunlarına da çox ciddi hazırlaşıb: "Oyunlar müddətində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi idman günlərində də metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Amma sərnişin axını çox olarsa, bu qrafik artırıla da bilər".

N.Paşayev bildirib ki, eyni zamanda, həmin vaxtlarda metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək: "Həmin gün Milli Olimpiya Stadionunda keçirilən tədbirdə iştirak etmək istəyən metropolitenin sərnişinləri "Koroğlu" stansiyasından buraxılacaq. Bu məsələ təşkilatçılar tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə tənzimlənəcək. Sözügedən stansiyanın yaxınlığında qərərgah yaradılacaq. Orada bütün lazımi texniki avadanlıqlar hazır vəziyyətdə saxlanılacaq. Eyni zamanda, tibbi yardım göstərilməsi üçün məntəqə yaradılacaq".

Qurum rəsmisi bildirib ki, IV İslam Həmrəylik Oyunlarında Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzindən də istifadə olunacaq və bu mərkəz metronun "Xalqlar dostluğu” stansiyası yaxınlığında yerləşir: "Həmin stansiyanın hər iki keçidi Oyunlara kimi təmir olunub sərnişinlərin ixtiyarına veriləcək, lazimi istiqamətverici lövhələr quraşdırılacaq".

N.Paşayev deyib ki, "Koroğlu”, "Gənclik”, "Sahil” stansiyasında sərnişin axını və kütləviliyi nəzərə alınaraq turniketlərin də sayı artırılır. Hər birinə 5 ədəd əlavə turniket qurlaşıdırılıb. Yalnız "Xətai” stansiyasında 2 ədəd əlavə olunub.

Eyni zamanda xarici turistlərə bələdçilik, onların suallarını cavablandırmaq üçün hər bir şərait yaradılacaq: "Xarici dil bilən əməkdaşlarımız da mərkəzi stansiyalarda turistlərə bələdçilik edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti