...

ADNSU tələbələri Bakı metropolitenində istehsalat təcrübəsinə başlayıb (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2017 11:18 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində daha bir layihənin həyata keçirilməsinə başlanılıb.
ADNSU tələbələri Bakı metropolitenində istehsalat təcrübəsinə başlayıb (FOTO)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində daha bir layihənin həyata keçirilməsinə başlanılıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsinin Bakı metropolitenində əldə etdikləri nəzəri biliklər əsasında praktik istehsalat təcrübəsi başlanıb.

Layihə "Bakı Metropoliteni" QSC ilə bu ali təhsil ocağı arasında bağlanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq həyata keçirilir. Qarşılıqlı anlaşmaya uyğun olaraq, ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin 2-ci və 3-cü kurslarında metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan 16 tələbəsinə Bakı metropoliteninin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanmasına imkan yaradılacaq.

3 ay davam edəcək istehsalat praktikası zamanı tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri möhkəmləndirməsi, bu bilikləri təcrübədə tətbiq etməsi məqsədilə məqsədyönlü proqram hazırlanıb. Bu müddət ərzində mərkəzin rəhbər və mütəxəssis heyətinin nəzarəti və dəstəyi ilə tələbələrə mərkəzdə qurulmuş ən müasir və dünya standartlarına cavab verən texnologiyalarla tanış olmaq, onların tətbiqini mənimsəmək üçün imkan yaradılacaq. Proqrama uyğun olaraq, müasir diaqnostika kompleksində yolun vəziyyətinə nəzarət və diaqnostikası trenajorunda, laboratoriyalarda və digər sahələrdə adi iş prosesini əyani müşahidə edən tələbələrin bilik və bacarığına uyğun olaraq mərhələ ilə praktik biliklərə canlı iş rejimi qaydasında yiyələnməsi üçün də şərait yaradılması nəzərdə tutulub.

Tədris prosesindən ayrılmamaq şərtilə təşkil edilən bu tədris zamanı tələbələr hər gün növbəli şəkildə metropolitenin iş rejimi şəraitində seçdikləri peşənin vərdişlərini mənimsəmək üçün unikal fürsət əldə edəcəklər. Tətbiqi tədris prosesi dövründə tələbələrin peşə seçiminə metropolitendə uyğun olan müvafiq sahələrlə yaxından tanış olmasına da şərait yaradılacaq.

Qeyd edək ki, yeni kadrların hazırlanması prosesini diqqət mərkəzində saxlayan «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi bu istiqamətdə mühüm addımlar atır. Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq, həmçinin ölkənin bir neçə tədris ocağı ilə imzalanmış memorandumlara uyğun olaraq, yeni nəsil kadrların hazırlanması istiqamətində yeni-yeni proqramlar həyata keçirilir. Bu tip layihələr davamlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti