...

Bilik Fondu “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2017 16:49 (UTC +04:00)
Bilik Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib.
Bilik Fondu “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev maarifçilik ideyalarının inkişafına, milli təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni məktəblərin tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına xüsusi önəm verib.

Mövzu ilə bağlı region və paytaxtdan olan iştirakçılar qarşısında geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğolu bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın gələcək taleyi ilə bağlı olan problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran idi. Müstəqilliyimizi əldə etdikdən dərhal sonra bu sahədə ümidsiz bir boşluq olduğunu qeyd edən H.Babaoğlu sonradan vəziyyətin köklü şəkildə dəyişdiyini diqqətə çatdırıb. Millət vəkili deyib ki, köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra, onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qaldı. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi: «Məhz belə bir mürəkkəb situasiyanın fonunda siyasi palitrada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar və pərakəndə səciyyə daşıyan, milli xüsusiyyətlərimizə heç bir halda cavab verməyən bu cür ideoloji nümunələrini cəmiyyətə zorla da olsa təqdim etməyə çalışırdılar. Belə olduqda konstruktivlik və milli həmrəylik naminə mövqelərin yaxşılaşdırılması əvəzinə maksimalistlik meylləri artır, bir-birini inkar formulu aksiomaya çevrilirdi». Millət vəkili qeyd edib ki, vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başladı. Bu, Yeni Azərbaycan Partiyası və onun lideri Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar oldu: «Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrildi. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Prezident İlham Əliyevin 2016-cı ili «Multikulturalizm ili» elan etməsi də məhz bu modelin dünyaya daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynadı».

Videokonfransda Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Şəki, Qazaxdan olan ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.

Tədbirdə həmçinin bölgə ziyalılarının fikirləri səslənib, Hikmət Babaoğlu yerlərdən ünvanlanan çoxsaylı sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti