...

Şri-lankalı iştirakçı: Azərbaycanlılarla yanaşı, çox sayda əcnəbilərin də Bakı Marafonuna qatılması xoşdur (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2017 09:35 (UTC +04:00)
Bu gün Bakı Marafonu 2017-yə şəhərimizin qonaqları, əcnəbilər də qoşulub.
Şri-lankalı iştirakçı: Azərbaycanlılarla yanaşı, çox sayda əcnəbilərin də Bakı Marafonuna qatılması xoşdur (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Bu gün Bakı Marafonu 2017-yə şəhərimizin qonaqları, əcnəbilər də qoşulub.

Trend-in məlumatına görə, şəhərimizdə tikinti şirkətlərindən birində çalışan, Şri-Linkadan olan Atula Gedar ilk dəfədir Bakı Marafonuna qatılır:

“Bakıda keçirilən bu möhtəşəm marafona ilk dəfədir qatılıram. Bundan öncə isə Dubay Marafonunda iştirak etmişəm. Çox yüksək əhvali-ruhiyyədəyəm”.

İştirakçı marafona hazırlığın da yüksək səviyyədə olduğunu qeyd edib: “Hər şey yüksək səviyyədə təşkil olunub. Ən xoş olan isə odur ki, marafona azərbaycanlılarla yanaşı, çox sayda digər ölkə nümayəndələri də qatılıb”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilir.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.

Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

"Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

7-ci və 8-ci yerin sahiblərinə "Bakı Marafonu 2017"nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti