...

Bakıda İƏT XİN Şurasının simulyasiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 4 May 2017 10:17 (UTC +04:00)
"İƏT Modeli - 2017” proqramının bağlanış və qaliblərin mükafatlandırılması mərasimi “ İslam Həmrəyliyi İli”nə həsr olundu.
Bakıda İƏT XİN Şurasının simulyasiyası keçirilib (FOTO)

Bakı. Trend:

“Park İnn” otelində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə artıq yeddinci ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model-Azərbaycan” adlı milli mərhələnin 2017-ci il üzrə təntənəli qapanış və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib.

İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları rəhbərləri və nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 100-dən çox gənc iştirak ediblər.

Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunub. Sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqaləri, bu proqramda Azərbaycanın mühüm rolu, 40-a yaxın ölkədə paralel keçirilən bu layihənin ilk təşəbbsünün də məhz Azərbaycandan başlaması haqqında danışıb. O qeyd edib ki, keçən 7 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 20 minə yaxın tələbə iştitak edib, bunların 900-dən çoxu və ən aktivləri məhz Azərbaycan gəncləri olub.

Tədbirdə digər təşkilatçılar adından Bakı Dövlət Universitetinin professoru, dekan Azad Rzayev, BDU rektoru professor Abel Məhərrəmovun toplantı iştirakçılarına təbrik müracətini oxuyub, artıq 7 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirib.

Mərasimdə həmçinin, Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdülkərim Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələrin adından, AR Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli isə təmsil etdiyi qurum adından çıxış edərək, bu layihənin İƏT arealında gənc liderlərin formalaşmasında və əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulayıblar. Həmçinin vurğulanıb ki, İƏT ölkələri gənclərinin əməkdaşlığına yönələn bu layihədə Azərbaycan gənclərinin uğurları və aparıcı rolu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu il elan olunmuş İslam Həmrəyliyi İlinə bir töhfə sayıla bilər.

Qeyd edək ki, “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İƏT Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilib. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.

Bu ilki “İƏT Model-Azərbaycan” mərhələsində BDU, ADA, DİA, Dillər, Slavyan və 15-ə yaxın digər universitet və ali məktəblərdən tələbə iştirak edib, 7 həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar.

Proqramın əsas hissəsi olan yekun tədbirdə isə proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Şurasını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən, 22 İƏT-ə üzv ölkəni təmsil edən nümayəndə heyətləri ilə “İƏT XİN Sammiti”i keçirib, İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.

Qapanış mərasiminin sonunda proqramda xüsusi istedad və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif olunub və onlardan ən yaxşıları hər il İƏT-ə üzv ölkələrin birində keçirilən “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti