...

Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında saziş imzalanıb (FOTO)

Cəmiyyət Materials 23 May 2017 12:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında saziş imzalanıb (FOTO)

Bakı. Trend:

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Abşeron Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimini giriş sözü ilə açan Bilik Fondunun Abşeron rayon nümayəndəsi, Teyyubə Hüseynova Fondun rayon ərazisində həyata keçirdiyi layihələrdən danışıb, bu layihələrə əhalinin böyük maraq göstərdiyini deyib.

T.Hüseynova bildirb ki, Niyyət Protokoluna əsasən dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan quruculuq işlərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ulu öndər Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili, həyata keçirilməsi nəzərdə tutulur.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ölkədə aparılan maarifləndirmə siyasətinin uğurlarından söz açaraq, Bilik Fondunun bu istiqmətdə böyük işlər gördüyünü, təmsil etdiyi icra hakimiyyətinin bu fəaliyyətə dəstək verməyə hazır olduğunu bildirib.

Abşeron Heydər Əliyev Mərkəzində yüksək səviyyədə şərait olduğunu xatırladan başçının müavini, Mərkəzlə əhali qruplarının sıx təmasda olmasına Fondun böyük təkan verəcəyinə əminliyini vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Abşeron rayon əhalisi ilə növbəti görüşdən məmnunluq duyduğunu dilə gətirib. O.Səmədov ilk görüşün "Multikulturalizm ili"ndə baş tutduğunu və nəticədə Fondun dəstəyi ilə müxtəlif səpkili elmi, mədəni, kütləvi tədbirlər keçirildiyini xatırladaraq, "İslam Həmrəyliyi İli"ndə xarakterik tədbirlərin daha da intensiv olacağını deyib.

Ölkəmizdə keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının gözlənildiyi kimi, möhtəşəm alındığını bildirən icraçı direktor Abşeron Heydər Əliyev Mərkəzi ilə Bilik Fondunun ilk tədbirinin mövzusu ilə bağlı təklif səsləndirib.

O.Səmədov bildirib ki, İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları ilə qəbul imtahanlarında yüksək bal toplayanların görüşünü təşkil etmək idmanla biliyin vəhdətinə töhfə verərdi.

Abşeron Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova rəhbərlik etdiyi qurumla Bilik Fondu arasında əməkdaşlığın rəsmiləşdirilməsinin birgə fəaliyyətə güclü təkan verəcəyini söyləyərək, keçiriləcək ilk tədbirlə bağlı təklifi yüksək qiymətləndirib.

Maarifli cəmiyyətin ölkənin xoşbəxt gələcəyinin qarantı olduğunu deyən T.Həsənova bilikləndirmə missiyası yerinə yetirənlərin sırasında addımlamaqdan qürur hissi keçirdiyini vurğulayıb.

Tədbirin ikinci hissəsində 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin test imtahanlarına psixoloji cəhətdən hazırlığının təmin edilməsi məqsədi ilə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun məktəblərin psixoloqları, müəllimlər, valideynlər və şagirdlərlə görüşü olub.

Bilik Fondu və Abşeron Heydər Əliyev Mərkəzinin təşkil etdiyi görüşdə təcrübəli psixoloq "Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı” mövzusunda seminar keçib, iştirakçılar psixoloji maarifləndirici slayd izləyiblər.

Sonda birinci qəbul imtahanında 600-dən çox bal toplayan abituriyentlərə Bilik Fondunun "Ev kitabxanası" layihəsi çərçivəsində kitablar hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti