...

Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2017 16:45 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər keçirilib
Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbirləri keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların sağlamlığının mühafizəsinə, onların fiziki və mənəvi inkişafına, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyasına xüsusi diqqət və qayğısından bəhs olunub. Bildirilib ki, Azərbaycanda aparılan dövlət siyasəti hər bir uşağın sağlam və firavan böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hərtərəfli şərait yaradılmasını, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsini nəzərdə tutur.

Hazırda ƏƏSMN tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, sosial yardım alan aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları aylıq sosial müavinət sistemi ilə əhatə olunublar. Həmçinin sosial yardım alan aztəminatlı ailələrin ailə üzvlərinin təqribən yarısı, ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası alan ailə üzvlərinin isə böyük əksəriyyəti uşaqlardır. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına Prezident qayğısının əyani təzahürü olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində bərpa-müalicə şəraiti ən yüksək standartlara uyğun səviyyədə qurulub.

Vurğulanıb ki, 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb, həmçinin Bakıda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa etdirilərək istifadəyə verilib.

1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ümumilikdə 326 nəfər uşaq yaşayır. Onların hərtərəfli təminatı işləri ilə bərabər, uşaqların ailə mühitində böyümələri üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Ötən il və cari ilin yanvar-may aylarında hər iki sosial xidmət müəssisəsindən 40 nəfər uşağın doğma ailə mühitinə qayıtmasına nail olunub.

Tədbirlər zamanı hər iki müəssisədə uşaqların hərtərəfli təminatı vəziyyətinə, habelə onların bacarıqlarının inkişa­fı üçün aparılan reabilitasiya yönümlü işlərə, müxtəlif dərnəklərə və mini emalatxanalara, uşaqların rəsm, tikmə, ağac üzərində oyma, toxuma və s. növlərdə hazırladıqları əl işlərinə baxış olub.

Bayram süfrəsi ətrafında keçən tədbirlərdə uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şerlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər. Tədbirlər incəsənət ustalarının iştirakı ilə uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti