...

Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyalar erməni vandallığını pisləyir

Cəmiyyət Materials 5 İyul 2017 19:41 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar və dini icmalar erməni vandallığını pisləyir.
Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyalar erməni vandallığını pisləyir

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar və dini icmalar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki dinc sakinin - yaşlı qadın Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına, bir mülki şəxsin - Sərvinaz Quliyevanın ağır yaralanmasına sərt münasibət bildirib.

Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribata münasibət bildirərkən deyib.

M.Qurbanlı bildirib ki, bu məsələ ilə əlaqədar dini icmalardan Dövlət Komitəsinə müraciətlər daxil olmaqda davam edir.

Müraciətlərdə vurğulanır ki, dinc əhaliyə qarşı silah işlədilməsi erməni vandalizminin 25 ildən artıqdır həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı, Ermənistan dövlətinin başında duranların qeyri-insani xüsusiyyətinin göstəricisidir:

"Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin, demək olar ki, hər gün atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur edilməsi beynəlxalq müstəvidə erməni işğalçılarına qarşı münasibəti kökündən dəyişməyin, “pisləmək”, “baş verənlərdən narahatlıq keçirmək” kimi vaxt uzatmağa hesablanmış açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir. Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri mülki şəxsləri hədəf seçən bu vandallığı pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu, dünya liderlərini bu cinayəti törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırır".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti