...

Konstitusiya Məhkəməsi: Bu təxribatlara görə Ermənistanın bütün dövlət orqanları məsuliyyət daşıyır

Cəmiyyət Materials 8 İyul 2017 08:06 (UTC +04:00)
Bu təxribatlara görə Ermənistanın bütün dövlət orqanları məsuliyyət daşıyır.
Konstitusiya Məhkəməsi: Bu təxribatlara görə Ermənistanın bütün dövlət orqanları məsuliyyət daşıyır

Bakı. İlhamə İsabalayeva – Trend:

“Şübhəsiz ki, Füzulidə baş verən son faciəvi hadisə ilə bağlı, eləcə də bundan əvvəl Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımı, çoxsaylı zorakılıq və işgəncə aktları, qeyri-insani davranış və digər kütləvi cinayətlər beynəlxalq təşkilatlar tərəfindən qərəzsiz araşdırılsa, Ermənistanın siyasi və hərbi rəhbərliyi beynəlxalq məhkəmələr qarşısında məsuliyyətə cəlb olunacaq.

Bunu Trend-ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib.

R.Quliyev qeyd edib ki, Ermənistanın işğalçı qoşunlarının iyulun 4-də dinc soydaşlarımıza qarşı törətdikləri növbəti hərbi cinayət nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakinləri olan iki yaşlı uşağı və onun nənəsi vəhşicəsinə qətlə yetiriliblər: "Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, dinc əhaliyə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən zorakılıq aktlarının işlənməsi işğalçıların 2016-cı ilin aprel döyüşlərindən sonra döyüş ruhunun yox səviyyəsində olmasını və öz gücünü yalnız silahsız uşaq və qadınlara qarşı işlətməyə qadir olduqlarını nümayiş etdirir".

Aparat rəhbəri əlavə edib ki, yaşamaq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında ən fundamental hüquqlardan biri kimi bəyan edilib: "Bu hüquq, o cümlədən uşaqların hüquq və azadlıqlarının qorunması ilə bağlı təminatlar bir çox beynəlxalq çoxtərəfli müqavilələrdə də təsbit edilib".

R.Quliyevin sözlərinə görə, dinc vətəndaşlarımıza qarşı törədilmiş bu hərbi cinayət bir daha sübut etdi ki, Ermənistan dövlət orqanları beynəlxalq təşkilatların acizliyindən sui-istifadə etməklə davamlı təxribatlara əl atmağa çalışırlar: "Bu təxribatlar Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilsə də, onlara görə məsuliyyəti Ermənistanın bütün dövlət orqanları daşıyır. Əmin olduğumuzu bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək. İşğalçı Ermənistanın silhalı qüvvələri işğal olunmuş torpaqlarımızı tərk etməyə məcbur olacaq, qaçqın və doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız öz ocaqlarına qayıdacaq və Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi dövlətimizin bütün ərazisində bərpa ediləcək”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti