...

İranın media mütəxəssislərinin nümayəndə heyəti "Trend" BİA-nın qonağı olub (FOTO)

Cəmiyyət Materials 10 İyul 2017 16:01 (UTC +04:00)
Azərbaycana ezam olunan İran İslam Respublikasının media mütəxəssislərindən ibarət nümayəndə heyəti bu gün səhər "Trend" Beynəlxalq İnformasiya Agentliyində (BİA) olub.
İranın media mütəxəssislərinin nümayəndə heyəti "Trend" BİA-nın qonağı olub (FOTO)

Bakı. Samir Əli – Trend:

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının media mütəxəssislərindən ibarət nümayəndə heyəti bu gün səhər Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) olub. Agentliklə tanışlıqdan sonra nümayəndə heyəti ilə Azərbaycanda medianın inkişafı, son illər bu sahədə əldə olunan nailiyyətlər, jurnalist peşəkarlığı və bu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov nümayəndə heyətinə Azərbaycanın media sahəsindəki vəziyyət, əldə edilən nailiyyətlər barədə məlumat verib.

Ə.Amaşov bildirib ki, Azərbaycanda media sahəsində böyük irəliləyişlər var. O, ölkədə azad sözə, müstəqil fikrə böyük önəm verildiyini vurğulayıb.

Ə.Amaşov deyib ki, 1998-ci il aprelin 6-da Azərbaycanda senzura ləğv edilib: "MDB-də ilk dəfə olaraq, Azərbaycanda senzura ləğv edilib. 2000-ci ildə ölkənin media qurumlarının tabe olduğu Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib və ölkə mediası müstəqil fəaliyyətə başlayıb. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradılıb. Mətbuat Şurası mətbuatda etik qaydalara nəzarət edir".

Ə.Amaşov bildirib ki, Azərbaycanda 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb: "Fond tərəfindən media qurumlarına yardım edilir, Azərbaycan mediasının problemlərinin araşdırılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması ilə bağlı layihələr həyata keçirilir".

Şura sədri bildirib ki, bu gün MDB-nin bəzi ölkələrində hələ də mətbuatda senzura qalıb və bu da həmin ölkələrin mediasının inkişafına mane olur.

Tədbirdə nümayəndə heyətini salamlayan Trend BİA-nın Baş direktoru İlqar Hüseynov qonaqlara Agentlik və onun fəaliyyəti barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirinin Mətbuat İşləri üzrə müavini Hüseyn Entezami isə bildirib ki, Azərbaycan Mətbuat Şurası sədrinin təşəbbüsü ilə ilk olaraq Trend BİA-da olublar: "Biz bir neçə media qurumlarına səfər edəcəyik. Mətbuat Şurasının sədri Əflatun Amaşov bizə ilk olaraq Trend Beynəlxalq İnformasiya Agentliyini məsləhət gördüyündən, bu qurumun ölkə mediasında ciddi rola malik olduğunu bildik. Trend Beynəlxalq İnformasiya Agentliyi dünyada əsasən energetika sahəsinə yüksək önəm verən bir agentlik kimi tanınır. Bu qurumun İranın İRNA Dövlət İnformasiya Agentliyi və "Mehr" Agentliyi ilə əməkdaşlığından da xəbərdarıq. Bu əməkdaşlıq iki ölkə mediası arasında əməkdaşlığı inkişaf etdirməklə yanaşı, İran və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə də xidmət edir. Biz istərdik ki, Trend Beynəlxalq İnformasiya Agentliyi İranın tanınmış informasiya agentlikləri ilə qardaşlaşmış media olsun".

O həmçinin qeyd edib ki, İranın Azərbaycan əyalətlərində Azərbaycan dilində yazılı media çap olunur: "Mediada əməkdaşlıq yaxşı olsa, bu həm də iki xalq arasında münasibətləri daha da möhkəmləndirər. Çünki İran və Azərbaycan xalqları eyni mədəniyyətə malikdir".

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə H.Entezami ilə yanaşı, Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İranın Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti