...

"Əminəm ki, Bakı Ali Neft Məktəbinin məzunları yüksək hazırlıqlı mütəxəssislər olacaqlar"

Cəmiyyət Materials 11 İyul 2017 11:35 (UTC +04:00)
"Əminəm ki, Bakı Ali Neft Məktəbinin məzunları yüksək hazırlıqlı mütəxəssislər olacaqlar"
"Əminəm ki, Bakı Ali Neft Məktəbinin məzunları yüksək hazırlıqlı mütəxəssislər olacaqlar"

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir. Beləliklə, sualları BANM-in “Kimya mühəndisliyi” kafedrasının dosenti Amir Reza Vakhshouri cavablandırır.

- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?

- Müəllimlik bir peşə deyil, bir sevgidir, sənətdir, həvəsdir. Bir sənətçı kimi müəllim üçün təkcə oxumaq və ya bilik yetərli deyil ona sevgi də lazımdır. Bu istedadı tanrı bizim ailəyə bağışlayıb belə ki mənim atam, onun atası və qohumlarımın çoxu bu müqəddəs işlə məşğul olublar. Mənim atam vaxtı ilə Təbriz şəhərinin ən yaxşı, ən nüfuzlu və ən tanınmış müəllimlərindən biri olmuşdur. O 50 ildən çox bu peşədə tam həvəslə çalışdı və maraqlısı bu idi ki onun həvəsi bu peşəyə get-gedə artırdı. Mən də atamı görüb uşaqlıqdan onun peşəsini davam etdirmək arzusundaydım.

- Bir az özünüz haqqında danışın.

- Mən Təbriz şəhərində bir ziyalı ailədə anadan olmuşam. Orta məktəbi Təbrizin ən yaxşı məktəblərində yüksək qiymətlərlə bitirib, 1993-cü ildən Təbriz Universitetinin “Tətbiqi Kimya” ixtisasına daxil olmuşam. 1998-ci ildə bakalavr dərəcəsini alıb sonra ilk karyeramı bir firmada keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsində başlamışam. Baxmayaraq ki az müddətdə çox uğurlu addımlar atmışdım lakin elmə və öyrənməyə həvəs səbəb oldu ki, təhsilimi davam edəm və beləliklə 2001-ci ildə Təbriz Azad Universitetinin “Tətbiqi Kimya” ixtisasına magistratura proqramına başlamışam. Bu zamanlar oxumaq ilə sənayedə çalışmağın harmoniyasını hiss edirdim və həqiqi mənada zövqlə elmi və dərsi öyrənirdim. 2003-cü ildə ən yüksək balla birinci yeri tutaraq magistratura diplomunu almışam. Bununla da razılaşmayıb doktorantura almağa qərar verib və bu yolda çoxlu mücadilələr aparmışam. Nəhayətdə, 2006-cı ildə Bakıya bir tanınmış holdinqə işə dəvət olunanda şərtlərimin birisi də təhsilimin davam etməsi olub beləliklə 2007-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya prosesləri İnstitutunun dissertantı kimi elmi işlərimi davam etdirib və 2013-cü ildə neft-kimya və polimer ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə nail olmuşam. 2016-ci ilin fevralından BANM-də çalışıram.

- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.

- Mən əgər həyatımda, elmimdə və yaxud peşəmdə nisbi müvəffəqiyyətlərə nail olmuşamsa onu bütün orta məktəbdən tutmuş doktoranturaya kimi müəllimlərimə borcluyam. Hər zaman çalışmışam ki onların hamısından müsbət xüsusiyyətləri toplayam. Mən ən çox təsir göstərən müəllimlər təkcə elm yox, həyat tərzini və ona fərqli baxışını da öyrədənlər olublar. Bunların içərisində elə ən birinci müəllimim mənə ömür boyu həyat fəlsəfəsini öyrədən Atamı və ən sonuncusu mənim elmimin inkişafında ən çox təsir göstərən Akademik Akif Əzizovu xüsusi qeyd etmək istərdim.

- Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?

- Demək olar ki onlar ölkənin ən bacarıqlı, ən zəkalı və ən bilikli tələbələridirlər. Lakin bu onlarda qurur yaradmamalıdır. Həmin gənclik qüruru nəticəsində Onların bir hissəsi təhsil alma müddətində təcrübəsiz rəftarlar göstərirlər və ya məsələlərə səthi baxırlar. Həyatda ciddi və məsul olmaq lazımdır. Bizim tələbələrimiz çox səviyyəli təhsil alırlar və buda onların gələcəyini qarantı edir. Dünya standartlarına cavab verən təhsil sistemi ilə onların savadının birləşməsi nəticəsində, onları parlaq gələcək gözləyir. Biz bunu 5-ci kurs tələbələrində şahidi olduq.

- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?

- Hal-hazırda çox gənc olmasına baxmayaraq, 5 il müddətində ölkənin ali təhsil müəssisələrinin içərisində ən zirvəsində yer alır. Bu da göstərir ki rəhbərliyin götürdüyü siyasətlər nə qədər düzgündür. Mənə bələ gəlir ki bu ildən magistartura proqramı ilə birgə elmi işlərin aparılması da artacaq. Bununla bağlı biz kafedra da müəssisələrlə və tədqiqat institutlar ilə danışıqlıqlar aparırıq. Inanıram ki, bu sürətlə inkişaf nəticəsində gələcək 5 ildə BANM regionun ən yaxşı və ən nüfuzlu universiteti olmasını və gələcək 10 ildə dünyanın ilk 200-lük reytinqində yer tutduğunu bacaracaq.

- Boş vaxtlarınızda nə ilə məşğul olursuz?

- Ümumiyyətlə məndə boş vaxt az olur, olanda da çalışıram ailəmə xüsusilə oğluma daha çox vaxt ayıram. Qalan vaxtlarda isə tar çalıram və musiqi ilə məşğul oluram.

- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?

- Mən onların uğurlarını görəndə elə bil ki öz müvəffəqiyyətlərimi görürəm. Bəlkə də indi onların bəzisi bilməzlər, amma onlar hər cəhətdən ən şanslı tələbələr olublar. Bunu bilməlidilər ki, ölkənin ən adlı universitetlərində təhsil almalarında, ən nüfuzlu şirkətlərdə çalışmalarında və ya başqa uğurlara nail olmalarında Ali Məktəbin çox rolu olubdur. Bu səbəbdən BANM-i heç zaman unutmasınlar və adını hər yerdə fəxrlə çəksinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti