...

BDU-da "Okupasional terapiya" fənninin tədrisinə başlanılacaq (FOTO)

Cəmiyyət Materials 12 İyul 2017 13:57 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) ilə UAFA (United Aid for Azerbaijan) - uşaqlara dəstək təşkilatı arasında memorandum imzalanıb.
BDU-da "Okupasional terapiya" fənninin tədrisinə başlanılacaq (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti (BDU) ilə UAFA (United Aid for Azerbaijan) - uşaqlara dəstək təşkilatı arasında memorandum imzalanıb.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən Trend-ə verilən məlumata görə, memorandumu Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və UAFA uşaqlara dəstək təşkilatının təsisçisi Qven Börçell imzalayıb.

İmzalanmadan əvvəl BDU-nun rektoru, akademik Abel Məhərrəmov UAFA haqqında məlumat verib, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, görülən işlərdən, həyata keçirilən layihələrdən, Bakı Dövlət Universiteti ilə işbirliyindən danışıb.

UAFA-nın təsisçisi və rəhbəri Qven Börçell, öz növbəsində, universitetin Sosial elmlər və psixologiya fakültəsi ilə əməkdaşlıqdan bəhs edib, elm və təhsil sahəsində birgə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Sonra Bakı Dövlət Universiteti ilə UAFA arasında gələcəkdə beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində memorandum imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində “Okupasional terapiya” fənni tədris olunacaq. Psixologiya ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinə tədris olunacaq dərslər mühazirə və praktiki formada olmaqla həftədə 2 dəfə Erqoterapiya üzrə mütəxəssis Tammie Lenert tərəfindən keçiriləcək.

Bir semestr tədris olunacaq “Okupasional terapiya” fənni sağlamlıq imkanları məhdud olan uşaqlarla məşğul olmağın intervensiyasını təqdim edəcək. Kursda okupasional terapiyaya aid fəlsəfə, nəzəriyyə və tədqiqat nəzərdə tutulub. Nəzəriyyə anatomiya, psixologiya, nevrologiya, patologiya, sosiologiya, kineziologiya, pediatriya, psixiatriya əsasında təqdim olunacaq.

Bundan əlavə, sağlamlıq imkanları məhdud olan uşaqların ailələri ilə işin təşkili, uşağın xüsusiyyətləri nəzərə alınaraq necə işləməyin bilik və bacarıqları da öyrədiləcək. 60 saatlıq kursun nəticəsində okupasional terapiyaya yanaşmalar (tibbi model və s.), autizm, daun sindromu, serebral iflic, erqoterapiyanın öyrənilməsi və cəmiyyətdə bu cür xəstəlikləri olan uşaqların inteqrasiyasına yönəlmiş psixoloji işin metodikasının təşkili məsələləri təqdim ediləcək. Kursun sonunda tələbələr əlilliyə anti-stiqmatik münasibətin formalaşması, problemi müəyyən edərək sonrakı müdaxilələri üçün resursların təyin edilməsi, uşağın sosial bacarıqları, hərəkat imkanları, digər uşaqlarla ünsiyyət qurma qabiliyyətini dəyərləndirərək müvafiq tədbirlərin müəyyən edilməsi kimi bacarıqlara yiyələnəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti