...

Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatıb

Cəmiyyət Materials 12 İyul 2017 15:52 (UTC +04:00)
Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb.
Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatıb

Bakı. Samir Əli - Trend:

Dələduzluqda təqsirləndirilən sabiq futbolçu Maşallah Əhmədovun satdığı tikinti materiallarının qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza başa çatıb.

Bu barədə Trend-ə M.Əhmədovun vəkili Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, artıq əmtəəşünaslıq ekspertizası daşları ekspertizadan keçirib: "Yaxın günlərdə ekspertizanın rəyi məhkəməyə təqdim ediləcək və prosesin vaxtı müəyyənləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl M.Əhmədovun İrandan gətirdiyi tikinti materialları ilə bağlı materialların satıldığı "Sahil MTK" şirkətinin inşa etdiyi binaya baxış keçirilmiş, həmin daşların qiymətinin müəyyən edilməsi üçün daş nümunələri ekspertizaya göndərilmişdi.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti