...

"İslam həmrəyliyi və media" mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2017 16:52 (UTC +04:00)
“İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.
"İslam həmrəyliyi və media" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

22 iyul – Milli Mətbuat Günü münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 18-də “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, din xadimləri və media nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan kütləvi informasiya vasitələri bütün şərq ölkələrinin mediası arasında qabaqcıl yerlərdən birini tutub: "Azərbaycan mətbuatı çox böyük tarixi yol keçib. Sovet dövründə də mətbuatımız inkişaf edib. Mətbuatımızın inkişafına Ulu Öndər Heydər Əliyev daim diqqət yetirib. Prezident İlham Əliyev də bu sahəni diqqətdə saxlayır. Bu günlərdə jurnalistlərə veriləcək mənzillər, yeni binanın tikintisinə başlanması mətbuata diqqət və qayğının bariz nümunəsidir. “2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib, Azərbaycan mətbuatı həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyini geniş təbliğ edir. Prezidentin tapşırığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bir sıra xarici ölkələrdə “İslam Həmrəyliyi İli” ilə bağlı tədbirlər keçirəcək. İslam dünyasının həmrəyliyə daha çox ehtiyacı var və bu mövzunun mediada təbliği üçün mətbuatla sıx əməkdaşlıq edirik”

Sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib.

O bildirib ki, DQİDK mediaya ən açıq qurumlardan biridir: "Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir. Bir müddət əvvəl Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkili də İslam ölkələri arasında əlaqələri möhkəmləndirməyə xidmət edib. Çünki İslam sülh, mərhəmət dinidir".

Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb: ""Əkinçi" qəzeti milli dəyərlərə söykənib, maariflənmənin təbliği də dini və milli dəyərlərə verilən önəmin göstəricisidir. Sonra nəşr edilən qəzetlərdə də bu məsələ daim ön planda olub. Hazırda da jurnalistlərimiz İslam ölkələrinə səfərlər edirlər. Bu yaxınlarda İranın nümayəndə heyəti Azərbaycana gəlmişdi. Azərbaycanın media modeli İslam ölkələri üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında İslam ölkələrinin media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək".

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkəmizdəki zərərli dini təriqətlərdən bəhs edib. O bildirib ki, bu təriqətlərin nümayəndələri sadə insanlar arasında təbliğat aparır və bu bizi narahat etməlidir: "Hər kəs, o cümlədən media dini radikalizmə, ekstremizmə qarşı mübarizə aparmalıdır".

Ulu Öndər Heydər Əliyevin mətbuata çox böyük önəm verdiyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib ki, Prezident İlham Əliyevin son illərdə mətbuata göstərdiyi diqqət və qayğı da bunun bariz nümunəsi və davamıdır: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi media ilə sıx əməkdaşlıq şəraitində işləyir. Dini maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi və onun KİV-də əks olunması müsbət haldır. Azərbaycan bu istiqamətdə son illərdə xeyli işlər görüb. Ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda “IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi çox mühüm hadisədir. Bu, ölkələri, insanları, düşüncələri bir-birinə yaxınlaşdıran, dostluq yaradan bir hadisədir. Bu mənada “İslam Həmrəyliyi Oyunları”nın böyük təsiri olub. Bu gün şəhərimizdə müxtəlif İslam ölkələrindən olan çoxlu turistlər görürük. Bu da Azərbaycan xalqının mahiyyət etibarilə mədəni və tolerant xalq olduğunu bir daha sübut edir”.

QAfqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı “Əkinçi” qəzetindən bu günə qədər mediada dini dəyərlərə özünəməxsus münasibət bildirildiyini qeyd edib. O diqqətə çatdırıb ki, Sovet dövründə panislamizmlə mübarizə siyasəti yeridilib: "Bizim jurnalistlərimiz İslam dinini yox, onun ətrafındakı mövhumatı, xurafatı tənqid ediblər. İslam dini ilə media arasında qarşılıqlı münasibətlər sistemi formalaşıb. Son illərdə dini icmaların, qurumların nəzarəti altında olan KİV-lərdə, həmçinin dövlət mediasında dini dəyərlərə çox həssas münasibət görünür"

Jurnalistləri Həsən bəy Zərdabi kimi xurafata qarşı mübarizə aparmağa çağıran Q.Cavadlı bu mübarizədə mətbuatın köməyinə ehtiyac olduğunu deyib.

Konfransda digər çıxış edənlər milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparıblar.

Sonda mətbuat günü ilə əlaqədar bir qrup jurnalistə mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti