...

Maire Tecnimont Group-un vitse-prezidenti Bakı Ali Neft Məktəbində

Cəmiyyət Materials 7 Sentyabr 2017 11:03 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın Maire Tecnimont Group şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və sözügedən şirkətin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin rəhbəri Nikolo Heilpern ilə görüş keçirib.
Maire Tecnimont Group-un vitse-prezidenti Bakı Ali Neft Məktəbində

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın Maire Tecnimont Group şirkətinin birinci vitse-prezidenti Canni Bardazzi və sözügedən şirkətin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin rəhbəri Nikolo Heilpern ilə görüş keçirib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı BANM-in rektoru E.Qasımov qonaqları salamlayıb, onları Ali Məktəbdə bir daha görməkdən məmnunluğunu ifadə edib.

Ali Məktəbin Maire Tecnimont Group şirkəti ilə əməkdaşlıqdan söz açan rektor bu əməkdaşlıq sayəsində BANM-in tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazandıqlarından bəhs edib. E.Qasımov Ali Məktəblə birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkəti təşəkkür edib.

Maire Tecnimont Group şirkətinin birinci vitse-prezidenti C.Bardazzi çıxışında bildirib ki, rəhbərlik etdiyi şirkətin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. C.Bardazzi ikitərəfli əməkdaşlığın davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, həmçinin BANM-də mühazirə vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, sözügedən proqram BANM və İtalyanın Maire Tecnimont Group şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. 17 həftə ərzində davam edən proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənmiş, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olmuşlar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə KT-Kinetics Technology kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaratmışdır.

Cari ildə BANM-in məzunları Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın Maire Tecnimont Group şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa çataraq həmin şirkətdən iş təklifi alıblar. Hal hazırda BANM-in məzunları sözügedən şirkətdə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti