...

Beynəlxalq Əmək Təşkilatının Baş Direktorunun Azərbaycana səfəri planlaşdırılır

Cəmiyyət Materials 11 Sentyabr 2017 18:38 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub
Beynəlxalq Əmək Təşkilatının Baş Direktorunun Azərbaycana səfəri planlaşdırılır

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri Olqa Kulayeva ilə görüş keçirilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazir Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına şərait yaratdığını vurğulayıb.

Aparılan islahatlar iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əmək ehtiyatlarından istifadə və məşğulluq imkanlarının artmasını stimullaşdırıb. Ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinin, əkin sahələrinin genişləndirilməsinin kənd rayonlarında vətəndaşlara məşğulluq və gəlirlərini artırmaq imkanı yaratdığını bildirən nazir həyata keçirilən aktiv məşğulluq proqramlarının bu müsbət proseslərə fəal dəstək olduğunu bildirib.

O.Kulayeva Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatının - Beynəlxalq Əmək Təşkilatının (BƏT) siyasətini müəyyən edən İdarə Heyətində təmsil olunmaq hüququ qazanması ilə bağlı Azərbaycan hökumətini bir daha təbrik edib. Bu orqanın fəaliyyətində Azərbaycanın iştirakı beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi üzrə geniş fəaliyyət spektrinə malik olan BƏT-in siyasi qərarlarının qəbulunda, əmək, məşğulluq, layiqli əmək, sosial müdafiə sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliğində və yayılmasında ölkənin yaxından və fəal iştirakına, BƏT-lə praktik əməkdaşlıq müstəvisinin daha da genişlənməsinə şərait yaradacaq.

Görüş zamanı ölkədə dövlət məşğulluq siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikası ilə BƏT arasında əməkdaşlıq, xüsusilə də Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini və çərçivəni müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində birgə fəaliyyətlər və onların nəticələri bir daha müzakirə olundu, növbəti tədbirlər müəyyən olunub.

S.Müslümov dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığın yüksək dəyərləndirildiyini qeyd edib. BƏT-in dəstəyi ilə artıq Azərbaycanda özünüməşğulluq proqramı üzrə əldə olunan uğurlu təcrübədən gələcəkdə digər ölkələrdə də oxşar proqramların icrası zamanı istifadə oluna bilər.

Ötən ay Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İşsizlikdən sığorta haqqında” Qanunun təsdiqləndiyini xatırladan S.Müslümov növbəti ilin əvvəlindən qüvvəyə minəcək bu qanunun dəfələrlə çox insanın ailə əməyinə əsaslanan təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb olunmasına əsaslı təminat yaradacağını da diqqətə çatdırıb.

BƏT-in ofis rəhbəri Azərbaycanda dövlətin gənclər siyasətinin gənclərin məşğulluğuna yönələn kompleks tədbirləri də əhatə etməsinin, xüsusən ölkədə gənclərin əmək bazarının tələblərinə uyğun peşə-ixtisas bacarıqlarına malik olmasına yönələn tədbirlərin faydalı olduğunu söyləyib. Bununla yanaşı, ölkədə işçilərin sosial-müdafiəsinin gücləndirilməsi, işəgötürən – işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib. O.Kulayeva BƏT-in Azərbaycanda özünüməşğulluq və uğurla həyata keçirilən digər sahələrdəki islahatlara müvafiq dəstəyi verməkdə davam edəcəyini bildirib.

Qeyd olunub ki, 2017-ci ilin 1-5 oktyabr tarixlərində İstanbul şəhərində keçiriləcək BƏT-in Avropa Regional Konfransında Azərbaycan Respublikasının məşğulluq və əmək münasibətlərinin tənzimlənməsi sahəsində təcrübəsi nümunə kimi göstəriləcək (əmək münasibətlərinin tənzimlənməsi, Üçtərəfli Komissiyanın yaradılması və fəaliyyəti və s.).

Görüşdə gələn ilin may ayında BƏT-in Baş Direktoru Qay Rayderin Azərbaycana nəzərdə tutulan səfəri, BƏT-in 10-cu Avropa Regional İclasında Azərbaycanın iştirakı, iclas çərçivəsində keçiriləcək görüşlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti