...

Yunus Oğuz Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib

Cəmiyyət Materials 14 Sentyabr 2017 13:50 (UTC +04:00)
Beynəlxalq Əmir Teymur Xeyriyyə Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Teymurilər Tarixi Dövlət Muzeyi Daşkənddə "Teymurilər dövründə elm və mədəniyyət" adlı beynəlxalq elmi konfrans keçirib.
Yunus Oğuz Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib

Bakı. Trend:

Beynəlxalq Əmir Teymur Xeyriyyə Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Teymurilər Tarixi Dövlət Muzeyi Daşkənddə "Teymurilər dövründə elm və mədəniyyət" adlı beynəlxalq elmi konfrans keçirib.

Trend-in məlumatına görə, tədbirə Fransa, Hollandiya, Türkiyə, Çin, Qırğızıstan, Qazaxıstan və digər dövlətlərin Teymurşünas alimləri, Əmir Teymur haqqında yazan yazıçıları qatılıb.

Konfransda ölkəmizi yazıçı-publisist, tarixi romanlar müəllifi, Əmir Teymur haqqında ikicildlik roman müəllifi Yunus Oğuz təmsil edib.

Konfransı Fondun sədri, professor Nazim Xabibullaev açaraq Əmir Teymurun həyatı və yürüşləri haqqında məlumat verib, görkəmli sərkərdənin dünya tarixindəki yeri və mövqeyi haqqında danışıb.

Tədbirdə iki gün ərzində "Əmir Teymur: Elm və mədəniyyət", "Şərq-Qərb problemi kontekstində Teymurilər dövrünün incəsənəti", "XIV-XV əsrlərdə Mərkəzi Asiyanın Çinlə iqtisadi və siyasi əlaqələri", "Avropa şərqşünaslığı: Əmir Teymur və Teymurilər tarixi" və digər mövzularda məruzələr dinlənilib.

Y.Oğuzun "Əmir Teymurun yeddiillik yürüşündə (1399-1404) Azərbaycan" mövzusundakı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Y.Oğuz məruzəsində Əmir Teymurun Azərbaycana yürüşünün səbəbləri, Qarabağ Əmir Teymurun əsas qışlağı kimi, Beyləqan dağıdıldıqdan sonra bu şəhərin bərpa edilməsində Əmir Teymurun rolu, Araz çayından bu şəhərə kanal çəkilməsi, Beyləqanın Böyük İpək Yolu üzərində olan şəhərlərdən birinə çevrilməsi və digər məsələlər haqqında məlumat verib.

Məruzəçi bildirib ki, Beyləqandan başqa Əmir Teymurun təşəbbüsü ilə Gəncə, Bərdə, Təbriz və Naxçıvan şəhərlərində abadlıq işləri görülüb, Qarabağda heyvandarlığın inkişafı sürətlənib, yeni hökumət evləri, məscid və xanəgahlar tikilib, Arazdan kanal çəkilib və digər mühüm işlər görülüb ki, bu da regionda kənd təsərrüfatının inkişafına təkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti