...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Gəncə Marafonu-2017”nin qalibləri məlum olub (FOTO) (YENİLƏNİB-2)

Cəmiyyət Materials 17 Sentyabr 2017 11:07 (UTC +04:00)
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin qalibi məlum olub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Gəncə Marafonu-2017”nin qalibləri məlum olub (FOTO)
 (YENİLƏNİB-2)

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən “Gəncə Marafonu-2017”nin qalibləri məlum olub.

Trend-in məlumatına görə, birinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci yerə İran İslam Respublikasının vətəndaşı Məhəmməd Cəfər, üçüncü yerə isə Gürcüstan vətəndaşı Ömər Baikeev çıxıb.

Qadınlar arasında birincilik Ukrayna vətəndaşı Valentina Poltavıskaya nəsib olub. Qaçışı ikinci yerdə azərbaycanlı Anna Yusupova, üçüncü yerdə isə Böyük Britaniya vətəndaşı Nataşa Petersen tamamlayıb.

Kişilər arasında qaliblərə mükafatları Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev təqdim ediblər.

Qadınlar arasında qaliblərə isə mükafatları Milli Məclisin deputatı Qənirə Paşayeva, müğənni Röya Ayxan və tanınmış idmançı Zabit Səmədov təqdim ediblər.

Qeyd edək ki, “Gəncə Marafonu - 2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edib.

“Gəncə Marafonu - 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olub. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparıblar.

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000, 2-ci yerin qalibi 2000, 3-cü yerin qalibi isə min AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.

Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 000-dən çox iştirakçı qoşulmuşdu. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərara verilib.

Xəbər lenti

Xəbər lenti