...

Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın e-xidmət istifadədədir (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2017 10:53 (UTC +04:00)
Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın elektron xidmət əhalinin istifadəsindədir
Əmək və sosial müdafiə sahələri üzrə 30-a yaxın e-xidmət istifadədədir (FOTO)

Bakı. Trend:

Bu ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərinə 6,5 milyona yaxın müraciət qeydə alınıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə ƏƏSMN tərəfindən aparılan islahatlar əmək və sosial müdafiə sahələrinin avtomatlaşdırılmış infrastrukturunun və bu sahələr üzrə əhaliyə elektron müstəvidə müasir və şəffaf xidmətlər şəbəkəsinin formalaşmasına səbəb olub.

Hazırda əmək, sosial sığorta, pensiya, müavinət və sosial yardım münasibətləri üzrə nazirliyin ümumilikdə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir. Təkcə ötən ay ƏƏSMN-nin e-xidmətlərinə 516 152, cari ilin yanvar-avqust aylarında isə 6 milyon 486 min 533 müraciətin edilməsi həmin e-xidmətlərin əhalinin maraq dairəsində olduğunu təsdiq edir. Bunun əsas səbəbi isə qeyd olunan e-xidmətlərin əmək və sosial müdafiə sahələrində məmur-vətəndaş kontaktlarının minimuma endirilməsinə, vətəndaşların müvafiq sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində və şəffaf şəraitdə istifadəsinə, sosial xidmətlərin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə imkan yaratmasıdır.

Xüsusən son illərdə sosial təminat sisteminin mühüm elementlərindən olan ünvanlı dövlət sosial yardımlarının təyinatı mexanizminin avtomatlaşdırılmış sistem üzərində şəffaflaşdırılması, bu sahədə insan faktorunun iştirakı olmadan elektron müraciət və təyinat sisteminin tətbiqi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Ünvanlı sosial yardım sahəsində də çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin edilir. Görülən tədbirlər, islahatlar nəticəsində bu sahə insanları daha az narahat edir. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə bu sahə ilə bağlı çoxsaylı şikayətlər daxil olurdu. Artıq yaradılan yeni sistem - şəffaflıq və sosial ədalət bu narazılığın böyük hissəsini aradan qaldırıb” deyə vurğulayıb. Ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistem beynəlxalq səviyyədə uğurlu təcrübələrdən biri kimi qəbul olunub. Bunun təzahürü kimi, Dünya Bankı tərəfindən həmin sistemə böyük maraq ifadə olunub və həmin mötəbər beynəlxalq qurumun müraciətinə əsasən, onun Vaşinqton (ABŞ) şəhərindəki mərkəzi ofisinin əməkdaşları üçün videokonfrans vasitəsilə VEMTAS-ın təqdimatı da təşkil olunub.

Hazırda sosial yardımın alınması üçün müraciətlərin edilməsi “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. Təkcə ötən ay bu e-xidmətə 87,3 minədək müraciətin qeydə alınması bu e-xidmətdən istifadəyə, ümumən sosial yardım hüquqlarına avrtomatlaşdırılmış sistem tərəfindən şəffaf şəraitdə baxılmasına böyük ictimai marağın ifadəsidir.

Eyni zamanda, son illərdə əlilliyin qiymətləndirilməsi üzrə xidmət də avtomatlaşdırılmış sistem üzərindən, vətəndaş-ekspert təmasları olmadan təqdim olunur. Bu elektron sistem vasitəsilə əlilliyin qiymətləndirilməsi üçün göndərişin kimə və hansı səhiyyə müəssisəsinə aid olduğu bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul olunur. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətləri isə əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə vətəndaşlara elektron qaydada məlumat əldə etməyə imkan verir. Ötən ay hər iki e-xidmətə 30 minə yaxın, indiyədək isə 462 mindən çox müraciət edilib.

Nazirliyin islahat tədbirlərindən biri kimi, 2014-cü ilin iyul ayından istifadəyə verilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına şərait yaradıb. Bu isə digər mühüm üstünlükləri ilə bərabər, hüquqi cəmiyyət üçün vacib amillərdən biri olan işçilərin gələcək pensiya və digər sosial təminat hüquqlarının təminatında vacib hüquqi əsas da formalaşdırır. Onu da qeyd edək ki, bu sistem BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “Çempion layihə” mükafatına layiq görülərək, BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış” kimi aktual e-xidmətləri özündə əhatə edən bu sistem geniş istifadəçi kontingenti ilə seçilir. Belə ki, ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin 17,4 faizini (9 milyon 371 min müraciət) məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid müraciətlər təşkil edib.

Qeyd olunanlarla yanaşı, sosial sığorta münasibətləri üzrə hazırda 10-dan çox e-xidmət əhalinin istifadəsindədir. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətlər sosial sığorta münasibətlərinin, o cümlədən sosial sığorta üzrə hesabatların təqdim olunması, sosial sığorta vəsaitlərinin ödənişi prosedurlarının müasir əsaslar üzərində şəffaflaşdırılmasına səbəb olub. Hazırda vətəndaşların sosial sığorta sisteminin, demək olar ki, bütün sektorları üzrə e-xidmətlərdən faydalanmaq imkanları var.

Həmçinin “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Pensiyaçıya məlumatların verilməsi”, “Pensiya kalkulyatoru”, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa, uşağın anadan olmasına, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlərlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması və s. üzrə e-xidmətlər əhalinin müvafiq sahələrdə hər hansı məmura müraciət etmədən, dövlət xidmətlərindən real vaxt rejimində, şəffaf şəkildə faydalanmasına imkan yaradıb. Bu sahədə yaradılmış e-sistemlər Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən də dəfələrlə yükəsk dəyərləndirilib. Ümumilikdə, bu gün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemləri BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək uğurlu iş təcrübələri kimi təbliğ olunur.

Beləliklə, əmək və sosial müdafə sisteminin bütün sahələrində şəffaflığın təmin olunması, vətəndaşlara müasir iş üsullarına əsaslanan xidmətlərin göstərilməsi istiqamətində qazanılan nailiyyətlər cəmiyyətin gözü qarşısında olan, əhalinin sosial maraqlarına xidmət edən, insanların gündəlik olaraq müşahidə etdiyi uğurlardır.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələrə, əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunması kursuna uyğun olaraq, aidiyyəti sahələr üzrə şəffaflığa, vətəndaşlara xidmət səviyyəsinin yüksəlməsinə təminat verən islahatlar davam etdiriləcək. Qarşıdakı dövrdə avtomatlaşdırılmış sistemlər daha da genişləndiriləcək və yeni elektron xidmətlərin istifadəyə verilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti