Bakı. Elçin Mehdiyev - Trend:
"Birinci oyunda komandada bir az həyəcan var idi. Bir az boşluq yarandı, ancaq sonradan komanda özünü toparladı".
Bunu Trend-ə Azərbaycanın qadınlardan ibarət voleybol yığmamızın məşqçisi Famil Ağayev deyib.
O qeyd edib ki, komandanın baş məşqçisi Faiq Qarayev əvəzetmələr etdi və bu, komandaya kömək etdi: "Birinci seti qələbə ilə başa vurduq və komanda özünü toparlayandan sonra digər iki setdə də rahatlıqla qələbə qazandıq".
F.Ağayev bildirib ki, Azərbaycan yığmasının qarşıdakı rəqibləri Polşa və Almaniya komandaları da gücü komandalardır: "Hər iki komanda güclüdür. Biz onların oyunlarını izləyəcəyik və onlarla hansı taktika ilə oynamaq lazımdırsa, buna hazırlaşacağıq. Komandamıza inanırıq".
Məşqçi deyib ki, Rusiya komandasını güclü hesab edirdilər, ancaq Rusiya-Ukrayna oyunu sürpriz oldu: "Biz oyunun 3:0 hesabı ilə başa çatacağını gözləyirdik, ancaq 3:2 oldu. Hər komandadan fərqli oyun gözləmək olar".
F.Ağayev əlavə edib ki, Milli Gimnastika Arenasında hər cür şərait var: "Burada komanda özünü çox rahat hiss edir".
Qeyd edək ki, Azərbaycanda və Gürcüstanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi keçirilir.
Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.