...

Azərbaycan ədliyyə sahəsində Avropa Şurasının müsabiqəsinin mükafatçısı olub

Cəmiyyət Materials 30 Oktyabr 2017 20:32 (UTC +04:00)
Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub.
Azərbaycan ədliyyə sahəsində Avropa Şurasının müsabiqəsinin mükafatçısı olub

Bakı. Trend:

Azərbaycan Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olub.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır.

2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb. Digər qalib gələn üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib.

Avropa məkanında qeyd olunan 25 oktyabr - "Avropa Ədliyyə Günü" ərəfəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq şəhərində tarixi "Parlament Evi"ndə "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin cari ildə qalib elan olunmuş dövlətlərin mükafatlandırma mərasimi keçirilib.

Avropa Şurasının və Şotlandiyanın məhkəmə sisteminin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib.

Mərasimdən əvvəl təşkil olunmuş dəyirmi masada dünyada ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatların prioritetləri barədə ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.

Tədbirdə məhkəmə sisteminin elektron idarə olunması sahəsində Azərbaycanın təcrübəsi Avropada ən mütərəqqi layihə kimi qiymətləndirilib və müvafiq mükafat təntənəli surətdə Azərbaycan tərəfinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti