...

700 bal toplamış Vahab: İlk gündən hiss etdim ki, düzgün qərar vermişəm

Cəmiyyət Materials 8 Noyabr 2017 09:48 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) Prezident Təqaüdçüsü danışır.
700 bal toplamış Vahab: İlk gündən hiss etdim ki, düzgün qərar vermişəm

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) Prezident Təqaüdçüsü danışır.

- Vahab çox uzatmadan, birbaşa ünvanlayacağımız suallara keçmək istəyirik. İlk olaraq bilmək istərdik ki, ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov kimdir?

- Mən Vahab Cəbrayılov 17 fevral 2000-ci ildə İsmayıllıda anadan olmuşam. Orta təhsili İsmayıllının Lahıc qəsəbəsində almışam. 2015-ci il Respublika fənn olimpiadalarında riyaziyyat fənnindən bürünc medal qazanmışam. Bu il isə orta məktəbi bitirərkən Təhsil Nazirliyi tərəfindən “Təhsildə nailiyyətlərə görə” qızıl medalına layiq görülmüşəm.

- Həyatda fəxr etdiyin ən böyük uğurun nədir?

- Həyatımda indiyə kimi qazandığım ən böyük uğur, fikrimcə, Bakı Ali Neft Məktəbinə qəbul olmağımdır.

- Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

- Bakı Ali Neft Məktəbini sadəcə yüksək bal yığdığıma görə yox, mühəndislik sahəsinə olan böyük marağım və ən əsas da Ali Məktəbin məni əsl mühəndis kimi hazırlaya biləcək yeganə təhsil müəssisəsi olduğunu düşündüyüm üçün seçmişəm. Elə dərslərin ilk günlərindən də hiss etdim ki, seçimimdə düzgün qərar vermişəm.

- BANM-i bitirdikdən sonra özünüzü harada görürsünüz və niyə məhz həmin yerdə?

- Bakı Ali Neft Məktəbini bitirdikdən sonra özümü ixtisasım üzrə dünyanın top universitetlərindən birində magistr tələbəsi kimi görməyi arzu edirəm və yaxın illərdə bu hədəf üzərində çalışmağı düşünürəm. Daha irəli hədəfim isə ölkəmizin neft və ya digər istehsalat sahələrində ixtisasım üzrə sayılıb seçilən mühəndislərdən biri olmaqdır.

- Bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

- Düşünürəm ki, bir tələbə qarşısına hər hansı bir məqsəd qoyubsa, ilk növbədə onun üzərində daima çalışmalı və dünyada bu sahədə baş verən hər cür inkişafdan xəbərdar olmalıdır. Ən əsası isə yorulmaq bilməməlidir.

- Sizi həyatda ən çox motivasiya edən nədir?

- Məni ən çox motivasiya edən, ilk növbədə ətrafımda olan insanlara faydalı ola bilmək fikridir. Həm ailəmə, həm dostlarıma və həm də ölkəmə yararlı ola bilmək mənim üçün çox önəmlidir.

- Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətiniz nə olardı?

- Ali məktəblərə qəbul olmaq arzusunda olan gənclərə əsas məsləhətim ondan ibarətdir ki, hansı ixtisası seçmələrindən asılı olmayaraq, özlərini vətənimizə və millətimizə yararlı, xeyirli bir mütəxəssis kimi yetişdirə bilmək üçün daim öz üzərlərində çalışsınlar. Seçim qarşısında olan tələbəri isə maraq dairələrində olan bir ixtisası hədəf seçib bu istiqamətdə düzgün addım atmağa səsləyirəm. Məsələn, əgər siz əsl mühəndis olmağı arzulayırsınızsa, o zaman ən doğru seçiminiz Bakı Ali Neft Məktəbi olardı.

- Vahab, bizimlə səmimi müsahibən üçün sənə təşəkkür edir, dərslərində uğurlar arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti