...

Elmi tədqiqata maraq artıb (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2017 17:26 (UTC +04:00)
UNEC-də Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan “Elm aylığı”nın yekun tədbiri keçrilib.
Elmi tədqiqata maraq artıb (FOTO)

Bakı. Trend:

UNEC-də Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunan “Elm aylığı”nın yekun tədbiri keçrilib.

Universitetdən Trend-ə verilən məlumata görə, rektor, professor Ədalət Muradov tədqiqatyönümlü univetrsitetə çevrilməyi hədəfləyən UNEC-in təhsil, tədqiqat və sahibkarlıq elementlərini özündə ehtiva etdiyini bildirib. “Elm aylığı” çərçivəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu, tədqiqatların keyfiyyətinin artırıldığını diqqətə çatdıran rektor, bu istiqamətdə xüsusi olaraq Rus İqtisad Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib. Ə.Muradov UNEC-də aparılan elmi tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsinin və elm aləmini maraqlandıran mövzuların mütəmadi müzakirəsinin vacibliyini vurğulayıb.

UNEC-də həyata keçirilən üç elmi tədqiqatın universitetin büdcəsindən maliyyələşdiriləcəyini bildirən rektor, təhsilin keyfiyyətinin artım dinamikasına da diqqət çəkib. UNEC-in elmi potensialını yüksək qiymətləndirən rektor, Bilik İqtisadiyyatı Konsepsiyasının məhz burada hazırlanması təşəbbüsünü də irəli sürüb.

UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli “Müasir təhsilin keyfiyyət indikatorları və onun iqtisadi artımda rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Elmin populyarlaşmasının dünya əhalisinin inkişaf indeksinin yüksəldilməsində əvəzsiz rol oynadığını bildirən professor, təhsilin keyfiyyətinə təsir edən amillər, təhsilə yönəldilən ümumi dövlət xərclərin iqtisadi artıma təsirini təhlil edib, statistik göstəriciləri açıqlayıb. Y.Həsənli təhsil xərclərinin ÜDM-ə təsirinin elmi əsaslarla ekonometrik qiymətləndirilməsinin mümkünlüyünü bildirərək, Azərbaycan da daxil olmaqla 18 dövlət üçün hazırlanan modeli təqdim edib, müqayisəli təhlil aparıb.

Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-də “Elm aylığı” çərçivəsində həyata keçirilən silsilə tədbirlər barədə hesabatla çıxış edib. O, UNEC-in professor-müəllim heyətinin, doktorant, gənc tədqiqatçı, magistr və tələbələri arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsinin keçirildiyini bildirib. Müsabiqəyə 165 məqalə təqdim edildiyini diqqətə çatdıran professor, nəticələri ötən illə müqayisə edərək, UNEC-də elmi tədqiqata marağın daha da artdığını vurğulayıb.

Sonda elmi müsabiqənin qaliblərinə diplom və sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti