...

Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin artırılması TƏKLİF edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2017 13:53 (UTC +04:00)
Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarı artırılmalıdır.
Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin artırılması TƏKLİF edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarı artırılmalıdır.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.

Deputat bildirib ki, Azərbaycanda Qarabağ veteranlarının sayı 60 və ya 90 min göstərilir: “Lakin onlara ayrılan vəsaitlərin miqdarı təyin olunandan bu günə qədər 50 manat olaraq qalır. Əgər kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik olunmalıdır. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ, Əfqanıstan veteranları, Çernobıl əlilləri və şəhid ailələri var. Bu say çoxaldıqca, onların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Xərclər çoxalıb. Belə olan halda vəsait də artırılmalıdır".

S.Novruzov qeyd edib ki, Azərbaycanda veteranların təxminən 12 mini pensiyaçıdır: "Lakin onlar pensiyaya çıxanda onlara veteran kimi əlavə cəmi 11 manat hesablanır. Məgər onlar təqaüdə çıxanda veteranlıqdan çıxırlar? Bu pul ona müharibədə iştirak etdiyinə görə verilir. Belə olduqda həmin şəxslərin veteranlıq haqqını 11 manata salmamalıyıq. Aldıqları 50 manat onların pensiyasına əlavə edilməlidir. Vətəndaşlarımız dövlət orqanlarından narazı düşməməli, öz haqqını almalıdırlar".

S.Novruzov çıxışı zamanı Əfqanıstan veteranları və Çernobıl əlillərinə də evlər verilməsini təklif edib: "Ölkəmizdə əlillərə və şəhid ailələrinə evlər verilir. Lakin biz diqqəti bir sferaya ayırmamalıyıq. Əfqaınstan veteranları və Çernobıl əlilərinə də evlər verilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti